Vətəni yaşadanlar…
Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bu müharibədə Zəfərin qazanılmasında igid döyüşçülərimiz qədər onların da böyük payı var. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb.
Müsahibimiz Vətən müharibəsi iştirakçısı, hərbi bölmədə döyüşmüş kiçik çavuş Adgözəlzadə Orxan Elşad oğludur.
Tanıtma: Adgözəlzadə Orxan Elşad oğlu – 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhərindəki “İstedad” liseyini, sonra Kooperasiya Universitetini bitirib. Orxan 2016-cı ildə hərbi xidmətdə olub, Aprel döyüşlərində, Talış istiqamətində gedən döyüşlərdə iştirak edib. Ailəlidir, iki övladı var.
Orxan Adgözəlzadə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
– Bildiyimizə görə, siz Vətən müharibəsinə könüllü gedənlərdən olmusunuz. Bu doğrudurmu?
– Bəli, doğrudur. Vətən müharibəsinə könüllü getmişəm.
– Özü də zorla getmisiniz. Hərbi komissarlıqda sizi iki dəfə cəbhəyə yola düşən avtobusdan düşürüblər. Belə bir hal olubmu?
– Bəli. (Gülür). Müharibə başlayan günün səhərisi evdəkilərin xəbəri olmadan Hərbi komissarlığa gedib, cəbhəyə getmək üçün ərizə ilə müraciət etdim. İki gün gözlədim, amma komissarlıqdan xəbər çıxmadı. Sonra yenidən komissarlığa getdim. “Məni niyə çağırmırsınız?” deyə soruşdum. Dedilər ki, indi evə gedim, lazım olanda çağıracaqlar. Həyətə düşdüm, gördüm ki, cəbhəyə yola düşən avtobus var. Mən də tez gedib həmin avtobusa mindim. Amma hərbi komissarlığın nümayəndəsi avtobusa minib, cəbhəyə yola salınanların adlarını əlindəki siyahıyla oxumağa başladı. Adım siyahıda olmadığı üçün məni avtobusdan düşürdülər. Əlacsız qalıb evə qayıtdım. Amma cəbhəyə gedən uşaqların arxasınca həsrətlə baxdım. Düşündüm ki, kaş mən də o avtobusun içində olaydım. Evə gəldim. Anam fikirli olduğumu görüb soruşdu: “Orxan, nə olub, fikirli görünürsən?”
– Ana, yoldaşlarım cəbhəyə gedir, mən isə evdə oturmuşam. Cəbhəyə gedən yoldaşlarımın qarşısında özümü günahkar, üzükölgəli hiss edirəm.
– Oğul, lazım olsa səni də çağırarlar. Həm də, hələlik indi cəbhəyə subay gəncləri və vəzifəli zabitləri çağırırlar. Sənin isə iki azyaşlı övladın var.
Anamın sözləri mənim üçün təsəlli deyildi.
Ertəsi gün yenidən Hərbi komissarlığa getdim, amma bu dəfə həyətə girməyib, bayırda gözlədim. Cəbhəyə yola düşən avtobusun darvazadan çıxmasını gözlədim. Avtobus darvazadan çıxanda, özümü avtobusun qarşısına atdım. Avtobus dayandı, qapı açıldı. Uşaqları cəbhəyə aparan kapitan məndən soruşdu: “ Sən kimsən?” Mən dedim ki, avtobusa gecikmişəm. Mən də cəbhəyə gedirəm, adım siyahıda var. Kapitan adımı və soyadımı soruşdu. Mən “Adgözəlzadə Orxan Elşad oğlu” deyib, özümü avtobusun içinə saldım. Kapitan siyahını çıxarıb adımı axtarmağa başladı. Sonra “sənin adın siyahıda yoxdur, avtobusdan aşağı düş!” dedi. Mən də: “Eləsə, siyahıya sonuncu adam olaraq mənim adımı yazın” dedim. “Vaxtımızı alma, avtobusdan aşağı düş!” deyə Kapitan səsin tonunu üstümə qaldırdı. Əsəbi halda avtobusdan düşüb, birbaş Hərbi komissarın otağına getdim. “Məni niyə cəbhəyə aparmırsınız? İki gün bundan öncə sizə ərizə ilə müraciət etmişəm. İki dəfə də avtobusdan düşürmüsünüz. Mənim cəbhəyə gedənlərdən nəyim əksikdir? Mən döyüşlərə qatılıb, düşməndən intiqam almaq istəyirəm. Bəsdir, 30 il utancla yaşadığımız! Siz aparmasanız da, zorla da olsa, cəbhəyə gedəcəyəm!” dedim. Hərbi komissar inadkarlığımı görüb dedi: “Yaxşı, evə get, çağıranda gələrsən!”
İntizarla gözlədiyim zəng gəldi. Sentyabrın son günündə evdəkilərlə sağollaşıb düşmənlə vuruşmaq üçün cəbhəyə getdim.
Kiçik Elşad atasını cəbhəyə yola salır.
– İlk döyüş yolunuz haradan başladı? Bölməniz harada yerləşirdi?
– İlk öncə, Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə Tanrıdan şəfa diləyirəm! Məni tibb bölüyünə yazmışdılar, müharibənin sonuna qədər həmin bölmədə vuruşmuşuq, əsgərlərimizə ilk tibbi yardım göstərib, ağır yaralıları və şəhidləri arxaya təxliyyə etməklə məşğul olmuşuq. Bölməmiz əvvəcə Hadrutda yerləşirdi. Sonra qərargahımız Xocavəndin Zoğalbulaq kəndində məskunlaşdı.
– Atılan top mərmiləri, güllə səsləri sizə əvvəlcə qəribə gəlmədi ki? Yəni qorxu hissini nəzərdə tuturam.
– Xeyr, qətiyyən. Mən birinci dəfə deyildi ki, cəbhədə olurdum. Mən 2016-cı ilin Aprel döyüşlərində, Talış istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bu cür səslərə qarşı artıq alışqanlıydım. O ki qaldı, qorxu hissinə, məncə, bu müharibədə kimsə qorxu hissinin yaşadığını dilinə gətirə bilməz. Çünki hamımız düşməndən intiqam almaq üstündə köklənmişdik. Hamımız döyüşə böyük sevinc, böyük ruh yüksəkliyi ilə atılırdıq. Hamımızın beynində ancaq bu fikir dolaşırdı: “Bu dəfə dayandı yox, tez bir zamanda torpaqlarımızı düşməndən təmizləmək!”
– Sizcə, döyüşlərdə daha çox fərqlənən hansı bölmələr idi? Söz yox ki bu müharibədə bütün bölmələrimiz, bütün əsgərlərimiz qəhrəmancasına döyüşüb. Amma yenə də fərq baxımından deyirəm.
– Mən Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərini xüsusi vurğulamaq istəyirəm. Amma siz demişkən, bu müharibədə Milli Ordumuzun bütün bölmələri xüsusi igidlik, şücaət, qəhrəmanlıqlar göstəriblər. Mən deyərdim ki, bu müharibədə Xüsusi təyinatlılarımız dünya hərb tarixinə düşəcək dərəcədə, indiyə kimi görünməmiş qəhrəmanlıq səhifələri yazdılar. Mübaliğəsiz deyərdim ki, o, igidlər Ermənistan ordusunun onurğa sütununu qırdılar. Xüsusən, Şuşa əməliyyatında onların göstərdikləri şücaətlər dillərdə dastan oldu. Əlbəttə, Vətən müharibəsində “Bayraktar TB 2” və “Harop”ların göstərdikləri taktiki hücumlar da böyük rol oynadı. Xüsusi təyinatlılar daim öndən gedərək, düşmənin gözləmədiyi halda, qəfil onların başlarının üstünü alıb məhv edir, postlarını ələ keçirirdilər. Sonra arxadan Milli Ordumuzun əsgərləri gedib, həmin postlara sahib çıxırdılar. Əksər hallarda onlar ağır yaralı olsalar da, yaralarını sarıtdırıb yenidən döyüş meydanına atılırdılar. Say-seçmə oğullar – iriqamətli, dağcüssəli, qorxmaz, pəhləvan kimi igidlər idi onlar.
Bir dəfə Xüsusi təyinatlılardan biri sol qolundan ağır yaralanmışdı, qanı dayanmırdı. Mən onun yarasını bağlayıb arxaya təxliyyə etmək istədim, ancaq o buna qəti etiraz etdi. “Sən bircə qolumun qanaxmasını dayandır, sonra möhkəm sarı. Qalanıyla işin olmasın!” Mən təəccüb içində dedim: “Axı, sən bu halda vuruşa bilməzsən! Səni təcili arxaya təxliyyə etməm gərəkdir, çoxlu qan itirmisən. İlk öncə, sənə mütləq qan köçürtmək lazımdır! Əks halda, döyüş zamanı huşunu itirə bilərsən.” Amma o, gülərək dedi: “Sən nə danışırsan, həkim?! Yoldaşlarım orada vuruşacaq, mənsə arxaya gedərək, çarpayıda uzanıb istirahət edəcəyəm? Buna əsla razı olmaram. Özümü yaxşı hiss edirəm. Mən hökmən irəli, döyüşçü qardaşlarımın yanına getməliyəm, onların mənə, mənim də onlara ehtiyacım var!” Bundan sonra mən onun qolunun qanaxmasını dayandırdım və yarasını möhkəm sarıdım. Sonra o, yenidən irəli, döyüşçü qardaşlarının yanına getdi. Belə hallar çox olub, yüngül yaralı əsgərlərimiz arxaya təxliyyə olunmaq istəmirdilər…
– Döyüşlərdə yaşadığınız ən gərgin, həyəcanlı, nəfəskəsici anları necə xatırlayırsınız?
– Əlbəttə, hər bir müharibədə həyəcanlı və gərgin anlar çox olur. Vətən müharibəsində də belə anlar istisna deyildi. Füzuli istiqamətində gedən döyüşlərin birində, gözlərimin önündə iki əsgərimiz şəhid oldu. Amma onları həmin an döyüş meydanından çıxarmaq mümkün olmadı. Çünki düşmən minamyotu və snayperi bizə göz açmağa imkan vermirdi. Şiddətli döyüş 2 saatdan çox davam etdi. Sonra toplarımız düşməni susdurmağa nail oldu. Sakitlikdən istifadə edib, şəhidlərimizi götürmək istədik. Uşaqlardan biri sürünə-sürünə irəli, şəhidlərimizin olduğu yerə getməyə cəhd göstərdi, ancaq düşmən snayperi onu qolundan vurdu. O, cəld geri döndü. Həmin anlarda “bəs şəhidlərimizi ordan necə çıxaracağıq?” deyə hamımızın beynində bu fikir canlanırdı. Adətən, belə çətin anlarda biz axşamın düşməsini gözləyirdik. Gündüzdən yaralıların və şəhidlərimizin yerini müəyyən edirdik, axşam isə həmin istiqamətdə gedərək, onları döyüş mövqelərindən götürüb, arxaya təxliyyə edirdik. Səngərin sağ tərəfində kiçik bir təpə var idi. Mən özümlə bir nəfər yoldaşı da götürüb, həmin təpənin arxasına getdim. Buradan şəhidlərimiz aydın görünürdü. Bir müddət səssizcə dayanıb onları müşahidə etdim, heç biri tərpənmirdi. Yavaş-yavaş onlara tərəf sürünməyə başladıq. Həyəcanlı anlar yaşayırdıq. Düşmənin snayperi bizi nə vaxt vuracağı anı gözləyirdik. Nəhayət, şəhidlərimizin yanına çatdıq. Onları yoxladım, biri şəhid olmuşdu, digəri isə hələ yaşayırdı, çoxlu qan itirdiyindən sifəti bəmbəyaz olmuşdu. Susuzluqdan dodaqları cadar-cadar idi. Onun imdad dolu baxışları qəlbimə köz basdı. Yoldaşım şəhid qardaşımızı, mən isə yaralı qardaşımı arxamıza alaraq, yenidən geriyə, səngərə doğru sürünməyə başladıq. Onların hər ikisini arxaya təxliyyə etdik. Hər dəfə belə çətin anlardan qurtulanda, komandirimiz polkovnik Rasim Abdullayev məni qucaqlayıb bağrına basırdı. Bu dəfə də elə oldu. “Ay səni, Orxan! Axır ki bunu da başardın! Afərin sənə!” deyib məni bağrına basdı. Onu da qeyd edim ki, komandirim polkovnik Rasim Abdullayev çox mehriban, qayğıkeş, əsgər qədrini bilən bir zabit idi. O, Şuşa istiqamətində, daha doğrusu, Şuşa şəhərinin girişində gedən qızğın döyüşlərdə, şəhid oldu. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Şəhid polkovnik Rasim Abdullayev
– Daha hansı döyüşlərdə iştirak etmisiniz?
– Döyüş yolumuz Hadrutdan başladı. Xocavənd, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Son döyüş nöqtəmiz Şuşa oldu. Biz Şuşada olarkən, noyabrın 10-da müharibənin qurtardığını, ermənilərin tamamilə təslim olduqları xəbərini eşitdik. Bu sevindirici xəbəri eşidəndə, əvvəlcə inanmadıq. Amma sonradan aydın oldu ki, digər işğal altında olan Ağdam, Kəlbəcər, Laçın rayonlarını da ermənilər tez bir zamanda bizə təslim edəcəklər. Dərindən nəfəs alıb dedim: “Şükür Allaha ki, nəhayət 30 ildən sonra torpaqlarımız düşməndən azad olundu. Allaha şükür olsun ki, utancdan, xəcalətdən, qınaqdan qurtulduq. İndi hamımız – bütün millət, xalq alnıaçıq, üzüağ gəzə bilərik. Bu gözəl və əvəzolunmaz sevinc hissini bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayırıq. Tanrı Azərbaycan xalqını qorusun! Ordumuz hər zaman qalib olsun! Amin!”
Şəhidlərimizi müqəddəs torpaq bağrına basdı. Biz isə onların ağrı və acılarını əbədi olaraq qəlbimizə gömdük. Şəhidlərimiz əbədi olaraq könüllərdə yaşayacaqlar!
İndi Şəhidlərimizin xatirəsini əbədi yaşatmaqdan ötrü hər yerdə – şəhər, rayon, qəsəbə və kəndlərimizdə Şəhid bulaqları tikilir. Bu Bulaqlar az da olsa, könüllərə bir sərinlik gətirir…
Camal ZEYNALOĞLU,
yazıçı-publisist