Komitə sədrinin açıqlamasına “düzəliş” etdilər, məsələ lap dolaşdı

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 12 dekabr 2021-ci ildə Gorus-Qafan yolunun Eyvazlı kəndi yaxınlığındakı Qubadlı gömrük postu ilə bağlı açıqlamasına komitədən izah gəlib.

Xatırladaq ki, DGK sədri 12 dekabr 2021-ci ildə bu postdan yığılan vəsaitin 2 milyona yaxın olduğunu demişdi. 30 yanvar 2022-ci ildə – 46 gün sonra yenidən eyni rəqəmi təkrarlaması və yenə də 2 milyona yaxın vəsait yığıldığını deməsi mediada və sosial şəbəkələrdə tənqidə səbəb olmuşdu. Belə ki, 46 gün ərzində rəqəmin dəyişməməsi təəccüblə qarşılanmışdı.

Bu gün Dövlət Gömrük Komitəsinin mətbuat xidməti açıqlama yayaraq, Səfər Mehdiyevə heç də yanlış rəqəm verilmədiyini və sədrin doğru rəqəmləri bildirdiyini iddia edib. Səbəb kimi isə göstərib ki, havaların soyuq keçməsi ilə bağlı Qubadlı gömrük postundan yanvar ayında cəmi 109 maşın keçib və buna görə də rəqəm dəyişməyib.

Olduqca qəribə açıqlamadır. Çünki Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 km-lik hissəsinə alternativ olan yol dar, çətin keçilən, tam asfalt tökülməyən bir yoldur. Yağışlı və buzlu havada bu yoldan istifadə daha çox məhdudlaşmalı və Eyvazlı istiqamətində keçən maşınlar çoxalmalıdır.

Hətta erməni mediası Eyvazlı istiqamətində gedən maşınların sayının kəskin azaldığı haqda təbliğat apararaq, gün ərzində İrandan gələn 165-170 maşından yalnız daha iriqabaritli 5-8 maşının Azərbaycan gömrük postundan keçdiyini yazır.

Bu erməni rəqəmlərinə inansaq, onda yanvar ayı ərzində Qubadlı gömrük postundan 150-240 maşın (ortalama 195) keçməlidir. Amma nədənsə DGK 109 maşın keçdiyini yazır.

Hər maşından həcmindən asılı olaraq Azərbaycan gömrüyü 130-280 dollar (ortalama 205 dollar) vergi alır. Bu hesabla Gömrük Komitəsinin 109 saydığı maşından yanvar ayı ərzində 38 min manat, “erməni rəqəmlərinə” görə 68 min manat vergi alınıb.

Amma Dövlət Gömrük Komitəsi yanvar ayının rəqəmlərini təqdim edib və dekabr ayını nədənsə nəzərdən qaçırıb. Halbuki Səfər Mehdiyevin 12 dekabr açıqlamasından sonra dekabrın sonuna qədər 18 gün var. DGK-nin sözlərinə inansaq, dekabr ayında qarşı havalar başlamadığı üçün Eyvazlı istiqamətində daha çox maşın keçməli idi. Bəs, nə qədər keçib, onlar nə qədər vergi ödəyib?

Doğrudur, Eyvazlı kəndi yaxınlığında qurulan gömrük postu iqtisadi deyil, daha çox siyasi əhəmiyyət daşıyır. Ancaq bu, heç də o demək deyil ki, nəzarətsizlikdən doğan rəqəmlər deyilməli və izahına cəhd göstərilməlidir.

Axı, hansı məntiqə sığır ki, soyuq havada İranın iriölçülü TIR-ları beynəlxalq səviyyəli yolu qoyub, dar, keçilməz, sərt döngəli və bərbad yola üstünlük verib?

Həmçinin, bu “2 milyona yaxın” – olduqca mücərrəd rəqəmdir. Konkret demək lazım idi – “2 milyona yaxın” əvəzinə, məsələn, 21 dekabr 2021-ci ilə qədər “1 milyon 715 min 916 manat 64 qəpik” tipində bir rəqəm.

Gömrükçülər bunu daha yaxşı “hesablamalıdırlar” axı!/yenipress.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password