“Bakı Türkiyə ilə İsrail arasında çəkilmiş iti bıçaqları hamarladı” – Mixail Finkel
İsrailli politoloq: “İslamdan kim danışır? Çoxmilyonlu azərbaycanlı əhalini sıxışdıran dövlətin Prezidenti?”
Tanınmış israilli politoloq, beynəlxalq hüquq üzrə ekspert Mixail Finkel bölgəmizdə baş verən prosesləri şərh edib.
– Qətərin Baş nazirinin müavini ötən həftə deyib ki, onun ölkəsi müxtəlif sahələrdə İranla əlaqələri genişləndirmək üçün hər cür səy göstərməkdə qərarlıdır. Siz bu barədə nə düşünürsünüz?
– Oxuculara Qətər və Səudiyyə Ərəbistanı arasındakı münaqişəni xatırlatmaq istərdim. Bu münaqişədə maneə İrana münasibət idi. İran Səudiyyə Ərəbistanı və əksər Körfəz dövlətləri baxımından terrorçuluğun beynəlxalq sponsorudur. Tehran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində mülki şəxslər də daxil olmaqla, hədəflərə davamlı hücum edən kvazi şiə terrorçularını – husiləri maliyyələşdirir.
Öz maliyyə maraqlarını təmin etmək üçün Qətər sadəcə olaraq İranın əlinin altına keçdi və onun marioneti oldu. Ona görə də Qətər təmsilçisinin açıqlaması məni təəccübləndirmir. İranın özünə dost olması üçün Tehranı hər cür tərifləyir və regionda iranpərəst siyasət yeridir. İran körfəzinin sünni monarxiyaları İrana nifrət edir və bu ölkəni özlərinin açıq düşməni hesab edir. Hətta Səudiyyə Ərəbistanı kimi İsraillə diplomatik əlaqələri olmayan ölkələr də İran təhlükəsini cilovlamaq və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün İsrail ordusu və kəşfiyyatı ilə gizli əməkdaşlıq edir.
– İran Prezidenti İbrahim Rəisi Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə bildirib ki, İsrail müsəlman xalqlarının dostu ola bilməz. Belə bir bəyanatla razısınızmı?
– İbrahim Rəisi bir çox dövlətlərin beynəlxalq terrorizmdə ittiham etdiyi bir ölkənin Prezidentidir. Xatırladaq ki, 1994-cü il iyulun 18-də Buenos-Ayresdə İran kəşfiyyatı və İslam İnqilabı Keşikçiləri Korpusu Yəhudi İcma Mərkəzini partlatmaqla terror aktı törədib. Ölənlər Argentinanın çoxlu sayda yəhudi vətəndaşı idi – xüsusi olaraq vurğulayıram: İsrail vətəndaşları deyildi. Hücum zamanı yüzlərlə insan həlak olub, onlarla insan yaralanıb. O vaxtdan Argentina İranı beynəlxalq terrorizmi dəstəkləyən dövlət elan edib.
İran bütün dünyada İsrail vətəndaşlarına və yəhudilərə qarşı çoxsaylı terror aktları həyata keçirir. Bunlar 2012-ci ildə Burqasda (Bolqarıstan) israilli turistlərin olduğu avtobusun partladılması, bütün dünyada yəhudi obyektlərinə və sinaqoqlara çoxsaylı hücumlardır. Deməli, Rəisinin dedikləri tamamilə əhəmiyyətsizdir. Bu, İsrailin və bir çox başqa ölkələrin fikrincə, terror dövlətinin Prezidentidir. İslamdan kim danışır? Livan və Suriyada husiləri və “Hizbullah” terror təşkilatını maliyyələşdirən, həmçinin əksər müsəlman ölkələrinə qarşı mübarizə aparan dövlət? Öz xalqına nifrət edən bu ayətullahlar? Hansı ki, İranın çoxmilyonlu azərbaycanlı əhalisinə qarşı ayrı-seçkilik edir və onları sıxışdırır. Bunların fonunda Rəisinin açıqlaması çox gülməli görünür.
İranın İsrailə qarşı nifrət siyasətinin iflasa uğradığı tamamilə sübut edildi. İsrailin bir çox müsəlman ölkələri ilə əla əlaqələri var. Bunlar Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstandır. İsrailin ən yaxın qonşuları – Misir və İordaniya ilə əla münasibətləri var. Ötən il İsrail BƏƏ ilə yüksək texnologiya, tibb və hərbi əməkdaşlığın inkişafı ilə bağlı bir sıra sazişlər imzalayıb. İsrail Bəhreyn və Mərakeşlə sülh müqaviləsi imzaladı. Hətta sonuncu ölkə ilə qarşılıqlı hərbi yardım haqqında akt da imzalanıb. İndoneziya və Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpası üçün danışıqlar aparılır. Ona görə də İran Prezidentinin dediyi hər şey blef və yalandır.
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun bu ilin fevralında Ankaraya səfər edəcəyini açıqlayıb. Bununla bağlı nə düşünürsünüz?
– Ərdoğan həqiqətən də İsraillə münasibətləri bərpa etməyə hazırlaşır ki, bu da məni sevindirməyə bilməz. İsrail və Türkiyə prezidentləri arasında bir neçə telefon danışığı olub. İsrail Suriyada Türkiyəyə kömək edir. Ölkələrimiz arasında nəhəng ticarət dövriyyəsi var ki, bunun da həcmi artıq beş milyard dolları ötüb. Bizim türk xalqı ilə əla münasibətlərimiz var. Ümid edirəm ki, keçmişdə olan anlaşılmazlıqlar artıq geridə qalıb. İsrail Prezidentinin Türkiyəyə səfəri bu xətti təsdiq edəcək.
– Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsi Azərbaycana necə təsir edə bilər?
– Azərbaycan İsrailin dostu və strateji tərəfdaşı kimi həmişə heyrətamiz rol oynayıb. Bakı İsrail və Türkiyənin son 10-12 ildə sahib olduğu narazılıqları aradan qaldırmağa çalışırdı. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətidir. Bakı Türkiyə ilə İsrail arasında dəfələrlə çəkilmiş iti bıçaqları hamarladı. Təbii ki, Türkiyə Azərbaycan üçün strateji müttəfiq və qardaş dövlətdir. İsrail Azərbaycan üçün 2020-ci il Vətən müharibəsində mühüm rol oynamış strateji müttəfiq və eyni zamanda çox yaxın ölkədir. Ona görə də İsrail-Türkiyə münasibətlərinin möhkəmlənməsi və yaxşılaşması Azərbaycanı sevindirməyə bilməz və bu ölkəni gücləndirməyə bilməz. Azərbaycanın iki belə qüdrətli müttəfiqinin – İsrail və Türkiyənin bir-biri ilə yaxşı anlaşması Bakının yalnız xeyrinədir./ayna.az