Ermənistanın rekord sayda vətəndaşı ölkəni tərk edib
Rəsmi məlumatlara görə, ötən il Ermənistanın 46 900 nəfərdən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, bu, son illərin rekord göstəricisidir. Ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın demək olar, 153,8 min nəfər vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir.
“Sakinlərimizin mühacirətə getməsinin əsas səbəbləri hamıya məlumdur – kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlir səviyyəsi. Əhəmiyyətli inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli aqroinflyasiya (11,2%) da rol oynayıb”, – “News.am” yazıb.
Qeyd edilir ki, buna həmçinin 44 günlük müharibənin ağır nəticələri, ölkədəki gərgin vəziyyət daxildir. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik ucbatından Ermənistanı tərk edirlər.
“Ermənistan sakinlərinin mühacirət coğrafiyası Rusiya ilə məhdudlaşmır. Sadəcə, indi orada qanuni yaşamaq və işləmək hüququ əldə etmək imkanı Qərb ölkələrindən qat-qat asandır”, – agentlik qeyd edib.
“Yaşı 65-dən yuxarı olan sakinlərin nisbəti 7%-dən çox olarsa, ölkə əhalisi qoca sayılır. Bir tərəfdən əhalinin qocalması gözlənilən ömür uzunluğunda müsbət dəyişikliklərdən xəbər verir. Digər tərəfdən bu, ciddi sosial və iqtisadi problemlərə gətirib çıxarır. Xüsusilə, pensiyaların məbləğinin artırılması imkanları məhduddur və bu, vergilərin artırılması zərurətinə səbəb olur.
“Əhalinin qocalması” prosesi Ermənistandan da yan keçməyib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, ötən il Ermənistanda yaşı 64-dən yuxarı olan insanlar əhalinin ümumi sayında 10%-i ötüb”, – araşdırmada vurğulanır.