“Məqsəd sərt qaydaları əhalinin xeyrinə yumşaltmaqdır” – Ekspert
“Hökumətin əsas hədəfi sosial yönümlü bazar iqtisadi siyasət həyata keçirməkdir. Ölkənin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır. Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu var”.
Bunu açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Ekspert qeyd edib ki, dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir: “Həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması da məhz dövlət büdcəsi, neft gəlirləri və vergilər vasitəsilə təmin edilir.
2018-ci illə 2022-ci ili müqayisə edəndə sosial yönümlü xərclərin dövlət büdcəsində 31,7 faizdən 46,4 faizə qədər artırılıb. Əgər 2018-ci ildə sosial yönümlü xərclər təqribən 7.2 milyard manat idisə, 2022-ci ildə bu xərclər 13,85 milyard manat olacaq. Bu da ötən illə müqayisədə təqribən 3,7 faiz və ya 1,6 milyard manat çoxdur. Yəni son 5 ildə dövlət büdcəsinin təhlilini aparsaq sosial yönümlü xərclərini büdcədə çəkisinin 31,7 faizdən 46,4 faizə çatdığını görmək olar.
Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatıb, üç il əvvələ (130 manat) nisbətən minimum aylıq əməkhaqqı 2,3 dəfə artıb. Həmçinin müəllimlərin və digər bir çox təşkilatlarda işləyənlərin maaşları 20-40 faiz aralığında artırılıb.
I dərəcə əlilliyi olanlara qulluğa görə 2019-cu ildə təsis olunan təqaüd də 50 manatdan 80 manata çatdırılıb. Həmçinin yaşa görə müavinət üç il əvvələ (73 manat) nisbətən 2,5 dəfə artırılaraq 130 manatdan 180 manata çatdırılıb və hazırda pensiyaçılar üçün yaşayış minimumunu (176 manat) üstələyir. Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata çatdırılıb və 3 il əvvələ (68 manat) nisbətən 47 faiz artıb”.
Xalid Kərimli deyir ki, hökumətin əsas məqsədi gəlirlərin bölüşdürülməsində bazar iqtisadiyyatına məxsus olan sərt qaydaları əhalinin sosial cəhətdən həssas təbəqəsinin xeyrinə yumşaltmaqdır: “Buna büdcə vasitəsi ilə nail olunur. Həm pensiya, həm də maaş həcmlərini ötən illərlə müqayisə etsək sürətli artımlar var. Eyni zamanda dünyada sürətli qiymət artımları da müşahidə olunur. İnflyasiyanın qarşısını almaq üçün hökumət bu ilki büdcədən 1,5 milyard manata yaxın əlavə resurs nəzərdə tutdu ki, əhalinin gəlirləri qiymət artımının mənfi təsirlərindən qorunsun. Hökumət dayanıqlı büdcə sistemi qurmağı, o cümlədən qeyri-neft sektorundan gələn gəlirləri cari və sosial yönümlü xərcləri qarşılamağı hədəfləyir. Bu istiqamətdə islahatlar həyata keçirilir və tədbirlər təşkil olunur”.