Bu koronanı ağır keçirənlərə məsləhət deyil – İnfeksionist
Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi və virusa yoluxub sağalanların kifayət qədər olması nəzərə alınaraq karantin müddəti 14 gündən 7 günə endirilib.
Bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
“Omikron ştammı sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, ağırlaşma ehtimalı azdır və xəstəlik sürətli başlasa belə qısa müddətdə sona çatır. Bu ştamm ilk 3 gün yoluxduruculuq qabiliyyətinə malik olur, daha sonra zəifləyir. Bütün bu reallıqlar nəzərə alınaraq, xəstələrin 7 gün karantində qalma müddəti kifayətdir. Bəzən olur ki, insanların xəstəliyi daha çox davam edir. Belə olduqda həmin şəxslərin çölə çıxması məsləhət görülmür. Xəstəliyi yüngül keçirən şəxslərə isə çölə çıxdıqda maska taxması tövsiyə olunur”, – deyə o qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. Qərar dünəndən qüvvəyə minib.