Azərbaycanın qlobal məsələlərin həllində rolu artmaqdadır

 

Azərbaycanın beynəlxalq arenada nüfuzu yüksəlməkdə və qlobal məsələlərin həllində rolu artmaqdadır. Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən Azərbaycanın fəaliyyəti ilə bağlıdır və irəli sürülən təşəbbüslərin çoxu Azərbaycanın iştirakı və müsbət münasibəti olduğu halda reallaşır.

Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, bu gün Cənubi Qafqazda gedən proseslərlə bağlı gündəliyi məhz Azərbaycan müəyyənləşdirir.

“44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar kontekstində bu daha aydın müşahidə olunur. Həm pandemiya ilə mübarizə, həm də qlobal əhəmiyyətli bəzi digər problemlərin həllində ölkəmiz çox önəmli təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin əsas məqsədi düyada sülhün, təhlükəsizliyin təmin olunmasına töhfə verməkdir”, – o bildirib.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi qısa müddətdə ciddi təkliflər irəli sürdüyünü xatırladan deputat pandemiya ilə qlobal mübarizədə bu təkliflərin mühüm rol oynadığını qeyd edib.

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi verib. Bundan başqa, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı edilib. 2020-ci ildə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, ötən il BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamənin qəbulu pandemiya ilə qlobal mübarizəyə verilən töhfələrdir.

Bir neçə ay öncə isə COVID-19 peyvəndləri ilə bağlı Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edildi. Bu sənədə 126 dövlətin qoşulması Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dünya üçün əhəmiyyətinin, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”, – deyə deputat bildirib.

R.Məmmədov müasir dövrdə təhlükəsizlik məsələsinin qlobal miqyasda böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, hesab edir ki, Azərbaycan məhz bu problemlə bağlı bir sıra önəmli müzakirələrin təşkilində fəal iştirak edir.

“Bu gün Azərbaycan bütün dünyaya Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrünün başladığını bəyan edir. Bu, bir tərəfdən bizim ölkəmizin regiondakı proseslərə istiqamət vermək, siyasi və iqtisadi münasibətlərin məzmununu müəyyən etmək gücündə olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın region ölkələri və xalqlarının rifahı, təhlükəsizliyi və inkişafına xidmət edən siyasət yürütdüyünü təsdiq edir. Heç kim üçün sirr deyil ki, müasir Cənubi Qafqazda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı böyükmiqyaslı təşəbbüslərin reallaşdırılması mümkün deyil. Bu, əlbəttə ki, bizim ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, hərbi qüdrəti və siyasi təsir imkanları ilə şərtlənən bir reallıqdır. Biz artıq dünyanın aparıcı dövlətlərinin bu reallıqla hesablaşdığını müşahidə edirik”, – deyə deputat əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov isə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması və işğalda olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasəti üçün yeni üfüqlər açır.

“Yaranmış yeni vəziyyət dövlətimizə xalqımızın rifahını daha da yaxşılaşdıracaq addımlar atmaq, xarici siyasətdə yeni nailiyyətlərə çatmaqla yanaşı, beynəlxalq siyasətin aktiv iştirakçısı kimi çıxış etməyə şərait yaradır.

Bu baxımdan, xüsusi qeyd olunmalıdır ki, Azərbaycan koronavirus pandemiyası kimi qlobalmiqyaslı problemlərə və çağırışlara qarşı mübarizənin ön cəbhəsinə yer alır. Dövlət başçısı İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də qeyd etdiyi kimi, Azərbaycan bu siyasətini gələcəkdə də davam etdirəcək. Beynəlxalq təşkilatlarda aktiv iştirak Azərbaycanın xarici siyasətində son illərdə əsas prioritetlərdən biri olaraq qalacaq.

Dövlətimizin xarici siyasətdə bu yanaşması daha çox beynəlxalq təşkilatlar çərçivəsində xüsusi diqqət cəlb edir. Azərbaycan hazırda 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatının sədri kimi təkcə bu təşkilat daxilində deyil, həmçinin digər beynəlxalq platformalarda da aparıcı rol oynayır. 2020-ci ilin əvvəlindən etibarən dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində biz bu aktivliyin şahidi olduq. Dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının növbədənkənar sammitinin keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün müəyyən təşəbbüslərin irəli sürülməsi və ən əsası BMT-nin Baş Assambleyası çərçivəsində müzakirələrin başladılması Azərbaycan diplomatiyasının uğuru hesab olunmalıdır”, – deyə V.Hüseynov vurğulayıb.

O qeyd edib ki, geridə qoyduğumuz 2021-ci ilin noyabrın 18-də məhz Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assembleyasında COVID-19 əleyhinə vaksinlərə universal çıxışın təmin olunması üçün qətnamə qəbul edildi.

“Bu qətnamənin qəbulundan əvvəl, sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışında “vaksin millətçiliyini” sərt tənqid edərək, zəif inkişaf etmiş ölkələrin hələ də kifayət qədər vaksin əldə edə bilməməsindən narahatlığını ifadə edib. Qeyd edək ki, dünya ictimaiyyətini bu məsələdə daha diqqətli olmağa çağırmaqla bərabər, ölkəmiz özü də bu yöndə addımlar atıb, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib, pandemiya ilə mübarizədə əziyyət çəkən 30-dan artıq dövlətə maliyyə və humanitar yardım göstərib, vaksin təminatına dəstək olub.

Bu uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatına üzv ölkələrin etimadını və hörmətini qazana bildi. Bu etimadın sayəsində ölkəmizin Hərəkata 2019-cu ildən davam edən sədrliyi bir il də uzadıldı. Bu gün Azərbaycan bu Hərəkatın daha da güclənməsi və ən əsası institutlaşması üçün səylər göstərir və bu yolda müvafiq addımlar atır. Dövlət başçısı 12 yanvar tarixli müsahibəsində qeyd etdi ki, hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü hərəkatın fəaliyyətində parlament elementinin yaradılması məqsədi daşıyır”, – deyə V.Hüseynov əlavə edib.

O vurğulayıb ki, ölkəmiz digər beynəlxalq təşkilatlar – Türk Dövlətləri Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çərçivələrdə də fəal rol oynayır.

“Azərbaycanın xarici siyasəti üçün xüsusi önəm kəsb edən Türk Dövlətləri Təşkilatının 2021-ci il İstanbul sammiti Azərbaycan diplomatiyasının da uğurlarının təcəssümü oldu. 2009-cu ildə Naxçıvan müqaviləsi ilə əsası qoyulan təşkilatın sürətli inkişafında, təşkilatlanmasında və müxtəlif sahələr üzrə üzv dövlətlərin çoxtərəfli əməkdaşlığının təşviq edilməsində Azərbaycanın rolu danılmazdır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyət 2022-ci ildə ölkəmizin xarici siyasətində prioritet olaraq qalacaq, Azərbaycan regional və qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə davam edəcək”, – deyə V.Hüseynov əlavə edib./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password