Bahalaşmanın əsl SƏBƏBİ – Qiymət artımının qarşısı necə alınacaq?

 

Dünya üzrə zəruri ərzaq məhsullarının bahalaşması son 10 ilin rekord səviyyəsinə çatıb. Analoji vəziyyət ölkəmizə də təsirsiz ötüşməyib.

Belə ki, dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olduğu üçün və ümumi inflyasiyanın təqribən 60 %-i ərzaq inflyasiyasının payına düşdüyü üçün ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı məsələləri daha prioritet mövzuya çevirir.

Elə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatması ilə bağlı statistik məlumatı da mövzunun bundan əvvəlki zamanlarla müqayisədə nə dərəcədə həssas bir hala gəlib çıxdığını göstərir.

Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardan birinə çevrilməkdədir. Amma Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi Zəfər əsasında formalaşdırılan və 2021-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatda da qeyd edildiyi əsas müddəalardan olan Zəngəzur dəhlizi məsələsi bu problemin region dövlətləri üçün qismən aradan qalxmasına yardım edə bilər. O mənada ki, daşınma-logistika xərclərinin artdığı bir vaxtda Zəngəzur dəhlizi xüsusən də region dövlətləri üçün dünyanın infilyasiya ilə üz-üzə qaldığı bir vaxtda nəfəslik, ümid yeri ola bilər. Məhz bu amili əsas tutan və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini yaxşı anlayan rəsmi Bakı tez bir zamanda bu kommunikasiya yollarının açılmasında ən maraqlı tərəf kimi diqqət çəkir.

Taxıl məhsullarının qiymətləri keçən ilin noyabrında əvvəlki ayla müqayisədə 3,1 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 % artıb ki, bu da buğdanın qlobal qiymətlərin 2011-ci ilin may ayından bu yana ən yüksək səviyyəyə çatması deməkdir. Bahalaşma süd məhsullarının qiymətlərində də özünü göstərib.

Ümumilikdə isə istehlak qiymətlərinin artımı demək olar ki, bütün aparıcı iqtisadiyyatlar üzrə özünü göstərməkdədir. Belə ki, Avropanın aparıcı iqtisadiyyatı olan Almaniyada ilkin qiymətləndirməyə görə oktyabrda inflyasiya 28 ilin maksimumuna kimi sürətlənib. Dünyanın ən iri iqtisadiyyatı olan ABŞ-da biznes tədarük zəncirindəki çətinliklərlə əlaqədar olaraq oktyabrda istehlak qiymətləri indeksi sentyabr ayına nisbətdə 0,9 %, keçən ilin eyni ayına nisbətdə isə 6,2 % artıb. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, artım tempinə görə oktyabrda inflyasiya son 31 ilin rekord səviyyəsinə çatıb.

Qiymətlərin artımını şərtləndirən səbəblər nədir?

Birdən-birə bu qədər qiymət artımının kökü xüsusilə bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına dayanır. Pandemiya faktiki olaraq illərlə formalaşmış ənənəvi qlobal tədarük zəncirini sıradan çıxarmış oldu. Buna sübut kimi elə 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiymətinə nəzər salmaq kifayət edər. Belə ki, keçən il qiymətlər 45 %-dən çox artıb. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər yüksəlib.

Ərzaq təhlükəsizliyinin təmini və ərzaq təminatı ilə bağlı hədəflərimiz

Dünyada ərzaq məhsullarının bahalaşması ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsini, yəni strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsini zəruri edir. Azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ərzaq təhlükəsizliyimizə mühüm töhfə olacaq ki, artıq bu istiqamətdə zəruri addımlar atılmağa başlayıb. Lakin bir həqiqət var: Əgər azad edilmiş torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkün olacaq ki, bu, bizim 1,3 milyonluq kəsirimizi örtmür.

Ona görə də taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsi, nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməlidir.

Artıq kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Eyni zamanda başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək mütəxəssislər tərəfindən də çıxış variantı hesab edilir. Ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar ümidlənməyə əsas verir ki, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik. Elə bu səbəbdən də bazar prinsiplərinə uyğun un, çörəyin və digər tələbat məhsullarının hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər gücləndirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password