Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər Ukraynadaxili nizamlanma məsələlərini müzakirə ediblər. Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb.
Tərəflər Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi apararaq, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə ediblər.
Telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib.
Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətindən verilən məlumatda isə telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edildiyi bildirilir.
Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.
Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.