Azad olunmuş ərazilərə avtobus marşrutlarının açılması sosial zərurətdir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Yeni infrastruktur və sosial layihələr icra olunur, müasir avtomobil və dəmir yolları çəkilir, hava limanları açılır. Bu baxımdan, azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə nəqliyyat xidmətlərinin bərpası sosial zərurətdən irəli gəlir və əsas prioritetlərdəndir.
Azad olunmuş ərazilərə yaxın günlərdə avtobus marşrutlarının açılması gözlənilir.
İşğaldan azad edilən ərazilərə təşkil edilən səfərlərin və yenidənqurma işlərinin genişlənməsi ilə əlaqədar olaraq, müvafiq icazə əsasında ezam edilən işçilərin sayının artması, həssas kateqoriyaya aid vətəndaşlar – Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlillərinin güzəştli şərtlərlə (ildə bir dəfə pulsuz) həmin ərazilərə səfərlərinin təşkili, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasını təmin etmək məqsədilə müntəzəm reyslərin təşkilinin vacibliyi, bərpa və yenidənqurma işlərində çalışan işçilərin həmin ərazilərə mütəmadi (qrafiklə tənzimlənən) daşınmasının təşkili, təkcə paytaxt Bakıdan deyil, digər şəhər və rayonlardan da işğaldan azad edilən ərazilərə sərnişindaşıma zərurəti azad olunmuş ərazilərə avtobus marşrutlarının açılmasını şərtləndirir.
Bu baxımdan, işğaldan azad olunan şəhər və rayonlarımızda yük daşınması, avtobus və taksilərlə sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluq sahələri, yanacaqdoldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan avtonəqliyyat təsərrüfatının təşkili də gündəlikdə duran vəzifələrdəndir. Bu işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırıla bilər. Bu, həmçinin özəl sektor üçün yeni investisiya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.
Qeyd edək ki, daşıyıcıların müəyyən olunması üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair aidiyyəti qurumlar tərəfindən hazırlıq işləri də aparılıb.
Xatırladaq ki, azad olunan torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.