Rusiya Ermənistana əlavə qüvvələr yeridə bilər – Arkov
Hazırda bir çox ekspert Azərbaycanla Ermənistan sərhəddində növbəti gərginliyin Baş nazir Nikol Paşinyanın göstərişi ilə baş verdiyini bildirir. Həmin fikirlərə əsasən, Paşinyan rəhbərliyi KTMT-dəki sədrliyindən və Qazaxıstanda yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Amma erməni hərbçilərin təxribatının birbaşa İrəvandan gəlməsi versiyasını qəbul etsək belə, Paşinyan KTMT-ni və ələlxüsus Kremli qonşu Azərbaycan tərəfindən təcavüzə məruz qaldığına, yaxud uydurma terrorçuların hücumuna inandıra bilməz.
Bu barədə açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
“Unutmaq olmaz ki, məhz bu yaxınlara qədər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. KTMT-ni istifadə etmək üçün Nikolun heç bir “kozırı” yoxdur – nə təcavüz var, nə terrorçular, nə də xaricdən dövlət çevrilişinə cəhd. Hazırda Paşinyan rejimini devirə biləcək qüvvələr elə İrəvanın özündə oturur – “Qarabağ klanı”nın timsalında rusiyapərəst müxalifət. Amma Moskva hələ ki, bu “rıçaq”dan istifadə etmir.
Buna baxmayaraq, Paşinyan aydın şəkildə Tokayev tərəfindən cavab hərəkətlərinə ümid edir. Çünki əgər əvvəllər Qazaxıstan rəhbərliyi Qarabağ məsələsində, KTMT və Aİİ-də Ermənistanla müttəfiq olmasına baxmayaraq, daha çox Azərbaycanın tərəfini tuturdusa, indi rəsmi Nur-Sultana daha çətin olaçaq. Və əlbəttə ki, Paşinyan nümayiş etdirdiyi həmrəyliyə görə Kremlin minnətdarlığına ümid edir.
Digər tərəfdən, hazırkı vəziyyət Rusiya qüvvələrinin Ermənistan ərazisində mövcudluğunu genişləndirmək məsələsini aktuallaşdıra bilər. Ermənistan ərazisində 102-ci Rusiya hərbi baza fəaliyyət göstərir, KTMT çərçivəsində sazişə əsasən İran və Türkiyə ilə Ermənistanın dövlət sərhədi isə Rusiya sərhədçiləri tərəfindən qorunur.
Hazırda Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədində rəsmi olaraq yalnız Tavuş vilayətindədirlər. Bu, Baş nazir Paşinyanın KTMT müşahidəçilərini və Rusiya sərhədçilərini Azərbaycanla sərhəd boyunca yerləşdirməyi təklif etməsindən az sonra baş verib. Lakin o zaman hər şey bir epizodla məhdudlaşdı.
İndi isə Ermənistan bu provokasiyalarından və sərhəddəki vəziyyətin gərginləşməsindən istifadə edərək, bu məsələni yenidən qaldıra bilər. Xüsusilə, bu, Türkiyə və Azərbaycan ictimaiyyətlərinə Teleqram və Feysbukda KTMT qüvvələrinin və xüsusilə Rusiyanın Qazaxıstanda iştirakı ilə bağlı informasiya savaşı fonunda daha asan görünür”, – deyə müsahibimiz qeyd edib.