Paşinyan Putinlə, Həsənov Akarla danışır: Bakı nəyin mesajını verir?
Sərhəddə baş verən toqquşmalar, hələ də eskalasiya riskinin qalması fonunda Putin-Paşinyan və Akar-Həsənov arasında telefon danışığı diqqət çəkir.
Putinlə Paşinyan KTMT-nin Qazaxıstandakı fəaliyyətini, Qarabağ ətrafındakı vəziyyəti və üçtərəfli razılaşmaların (10 noyabr, 11 yanvar, 26 noyabr) icrasını müzakirə edib: Rusiyanın gündəmində Qazaxıstan əsas məsələ olsa da, KTMT-nin fəaliyyətini təşkilata rəhbərlik edən Ermənistanla müzakirə edilməsi formal xarakter daşıyır, çünki təşkilatda qərarlar müzakirə ilə yox, Moskvanın diktəsi ilə qəbul edilir; bu baxımdan, Moskva-İrəvan xəttində əsas gündəmin sərhəddə baş verənlər və sərhəd razılaşmasının icrası olduğu ehtimalı böyükdür;
Moskva üçün Cənubi Qafqazda ayrı prioritetlər var:
– Soçidə əldə olunan sərhəd razılaşmasının praktiki mərhələyə keçidini istəyir;
– Sərhəddə eskalasiyanın böyüməsi və bölgədə KTMT mexanizmlərinin işə düşməsi şəraitinin yaradılmasında maraqlı deyil: bu situasiya rusların “hakimlik” etdiyi razılaşmaları, ümumilikdə bölgədəki vəziyyəti təhlükə altına atır;
Putin əvvəlki vəziyyətin yaranmasını istəmədiyi üçün Paşinyanla danışa bilər: ötən ilin may ayından sonra sərhəddə davamlı olaraq baş verən toqquşmalar zamanı İrəvan Moskvanın vasitəçiliyinə alternativ qüvvələrin bölgəyə gətirilməsi ideyasını gündəmə gətirdi; görünür, Rusiyada hesab edirlər ki, toqquşmalar zamanı Moskva-İrəvan arasında təmasın zəif olması da belə situasiyanın yetişməsini şərtləndirən amillərdəndir və indi prosesə dərhal müdaxilə edilir;
Burada əsas məqamlardan biri Bakı-Ankara xəttində diplomatiya yox, hərbi istiqamətdə təmasın qurulmasıdır:
Birincisi, Bakı Putin-Paşinyan görüşünün detallarını bilmir və mümkün risklərə qarşı Ankara ilə birlikdə olduğunu nümayiş etdirir;
İkincisi, Bakı və Ankara Moskvaya “diplomatiya işləməyəndə hərbçilər işə qarışır” mesajını verir və çıxış yolunun razılaşmaların icrası olduğunu göstərir;
Sərhəd razılaşması praktiki mərhələyə keçmədiyi müddətdə eskalasiyanın davam edəcəyi bəllidir.
Asif Nərimanlı