Azərbaycanlı zəvvarlar sabah Ümrə ziyarətinə yola düşürlər
Sabah Azərbaycandan 20-yə yaxın zəvvardan ibarət növbəti qrup Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, 2022-ci ildə Ümrə ziyarətinə gedəcək ilk qrup yanvarın 13-də yola düşəcək. Növbəti qrupun ziyarətini təşkil etmək üçün isə hazırda müraciətlərin qəbul edilməsi davam edir.
Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər.
Bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir.
Zəvvarlar 3 gün Mədinə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək.
Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər.
Səfər edənlərdən COVİD pasportu tələb olunur. Hazırda 2 “Sinovac” + 1 “Pfizer” və ya iki “Pfizer” olan pasport tələb olunur. Hələ ki, iki doza “Sinovac” olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar.