Tarzən və xanəndə Şirulla İmanovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək
Yanvarın 13-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində tarzən və xanəndə Şirulla İmanovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.
Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda təşkil olunan konsertlərə həvəslə qatılırdı. Tarzənin bacarığını yüksək qiymətləndirən Ü.Hacıbəyli opera tamaşalarında tar ifaçılığını məmnuniyyətlə ona həvalə edirdi. Ş.İmanov yaradıcılığa başladığı ilk dövrlərdə iki premyeranın iştirakçısı olur. Bunlardan biri 1916-cı ildə “Tağıyev teatrı”nda Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əhməd Bədəlbəyli və digər korifey sənətkarların iştirakı ilə səhnəyə qoyulan Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, digəri isə 1919-cu ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operası olur. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla söz verir ki, nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacaq. Bir neçə ildən sonra arzusu reallaşır. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır. Asəf Zeynallı adına Musiqi Məktəbində təcrübəsini gənc musiqiçi və ifaçılarla bölüşərdi.
Sənətkarın Çəmbərəkənddə yerləşən evində mütəmadi olaraq dostları yığışar və muğam gecələri təşkil edilərdi. Tarzənin dostları, muğam ustadları və biliciləri Xan Şuşinski, Bəhram Mansurov, Tələt Qasımov, Firudin Şuşinski, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Məmmədəli Əliyev, Qurban Pirimov qonaq olardılar. Dost məclisləri çox zaman improvizasiya gecələrinə çevrilər, muğamlardan parçalar ifa olunar və bu ifaların xoş sədasına qonşular da yığışaraq böyük sənətkarları heyranlıqla dinləyərdilər. Bu ustadlarla səhnədə də çıxış edirdi.Eləcə də tanınmış xalq mahnıları və muğam ifaçıları Şövkət Ələkbərova, Şahmalı Kürdoğlu, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Şövkət Məmmədova və başqaları ilə birgə çalışıb, qastrol səfərlərinə gedib.
BMM-də təşkil ediləcək xatirə gecəsində görkəmli muğam ifaçıları Şirulla İmanovla bağlı xatirələrini bölüşəcəklər. Bədii hissədə Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov Səbuhi Cəfərov (tarzən), Sahib Paşazadə , xanəndə Səbinə Ərəbli iştirak edəcəklər. İfaçıları tarzən Rəşad İbrahimovun müşayəti ilə BMM-nin muğam üçlüyü müşayiət edəcək./trend.az