Qardaş ölkədə də sənəti üzrə çalışaraq vətənimizə və milli mədəniyyətimizə baş ucalığı gətirir
Tamilla Nemət qızı Xudayarova 1959-cu il noyabrın 12-də Bakıda anadan olub. Nemət Əli oğlu Xudayarov (1914-1994) əslən Güney Azərbaycanın Cəncan əyalətindən idi. Moskva Maarif İnstutunu yüksək ixtisaslı kadr kimi bitirmişdi. Bakıda əvvəl kitab passajının, sonra isə Nizami muzeyinin I mərtəbəsində yerləşən Kitab Evinin müdiri vəzifəsində çalışmışdı. Rspublikadakı nadir nüsxə kitablar onun nəzarətinə verilirdi. Nemət Xudayarov cəmiyyətdə nüfuzlu adam kimi tanınırdı. Onun ömür-gün yoldaşı Çimnaz Xalıq qızı (1928-2007) əslən Bakının Pirşağı kəndindən idi. Hazırda bu qəsəbədə Çimnaz xanımın xeyli yaxın qohumları yaşamaqdadır.
Tamilla lap az yaşlarından mahnı oxuyur, rəqs edirdi. Evlərindəki paltar dolabından anasının paltarlarını, örpəklərini, şalı götürüb əyin-başına dolayır, oxuyub oynayırdı. Yaşadıqları mənzil qonaq-qaralı idi, balaca Tamilla gələn qohum-əqrəba üçün konsert verirdi. 4 yaşı olanda fitri istedadı üzə çıxmşdı. Yaxın qohum Əzizə Zahidova demişdi ki, bu uşağın istedadı var, onu istiqamətləndirmək lazımdır. Tamillanı Y.Qaqarin adına Mərkəzi Pioner və Məktəblilər Sarayına aparmışdılar. Orada onu yoxlayıb demişdilər ki, 5 yaşı olanda gətirərsiniz. Həmin sarayın “Çücələrim” rəqs qrupunda yəhudi qadın Betta Adamovna Broylovskaya qız uşaqları ilə, oğlanlarla isə Böyükağa Məmmədov məşğul olurdu. 5 yaşlı Tamillanı da qızlar sırasına qoşmuşdular. Kütləvi rəqslərdə oğlanlar və qızlar qrupunu birləşdirirdilər. Tamillanın yaşının az olmasına baxmayaraq uşaqlar arasında istedadı, bacarığı, cəldliyi, göstərilən nə varsa, tez qavramağı ilə seçilirdi. O, B.Adamovnanın ən sevimli şagirdlərindən biri idi. Tamilla əksər rəqslərdə çıxış edərək bu sarayda 13 yaşına qədər məşğul olub. 6 yaşında o, “Çüçələrim” mahnı və rəqs ansamblının tərkibində Moskvada keçirilən Azərbaycan mədəniyyəti həftəsində “Ay mənim çüçələrim” mahnısının müşayiəti ilə rəqs edən kollektivin tərkibində idi. “Cücələrim” Qara Dəniz sahillərində sovet uşaqları üçün yaradılmış dünyaca məşhur Artek pioner düşərgəsi və Orlyonok, xarici dövlətlərdən Macarıstan və Yuqoslaviyaya səfər edərkən Tamilla da ansamblın tərkibində olub. Həmin dövrdə bu kollektiv SSRİ-də bir sıra Avropa dövlətlərində də tanınırdı, ansamblın bütün çıxışları hərarətlə qarşılanırdı. Axı bu ansambla ən istedadlı, həm də qeyri-adi istedada malik uşaqlar çəlb olunmuşdu. Həmin uşaqlardan biri də Tamilla idi.
T.Xudayarova I sinifə 14 saylı ümumtəhsil məktəbə gedib. 5 il sonra Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Burada xalq rəqsləri üzrə təhsil alsa da, onlara proqramda olan klassik və xarakter rəqslər də keçilirdi. O, burada bütün fənlər üzrə yaxşı oxuyur və nümunəvi şagird kimi seçilirdi. Onun oxuduğu sinfə xalq rəqslərini Xumar Zülfüqarova tədris edirdi. Tamillagilə həmçinin xarakter rəqslərdən də Xumar Zülfüqarova, klassik rəqslərdən Yelena Sergeyevna dərs deyirdi. Xumar xanım bu istedadlı qızı xüsusi nəzarətə götürmüş, onun gələcəyi barədə də düşünmüş, yaxşı hazırlığı üçün ciddi-cəhd göstərmişdi. Tamilla BXM-i 1975-ci ildə müvəffəqiyyətlə başa vurub.
Tamillanın məktəbi bitirməsinə 1 il qalmış X.Zülfüqarova məsləhət görür ki, o, Azərbaycan Dövlət Rəqs Ansamblına işə qəbul olunsun. Odur ki, qızın valideynlərinin razılığını alaraq 1974-cü ildə onu Azərbaycan Dövlət Filarmoniyasına gətirir. Beləliklə, 15 yaşlı T.Xudayarova 10.09.1974-cü il tarixdən Dövlət Rəqs Ansamblında rəqqasə kimi fəaliyyətə başlayır. O dövrdə Xumar xanım rəqs ansamblının baletmeysteri idi.
Həmin dövrdə SSRİ xalq artisti R.Behbudov rəhbərlik etdiyi teatrda rəqs sənətini daha da qüvvətləndirmək istəyilə yeni kadrlar axtarırdı. Onun Nemət Xudayarovla yaxınlığı var idi. Rəşid bəy kitabsevər olduğu üçün N.Xudayarovla əlaqə saxlayırdı. Ona sənət adamlarından kimsə deyibmiş ki, Xoreoqrafiya Məktəbində Tamilla adında istedadlı rəqqasə yetişir. R.Behbudov Kitab Evinə gəlir və N.Xudayarova deyir:-Sənin evində xəzinə var, bizdən gizlədirsən. İcazə ver Tamillanı teatrımıza işə götürüm, buradan parlasın.
N.Xudayarov cavab verir:-Qızın anası neçə vaxtdır ki, telefonla bu barədə Xumar xanımla danışır. Aralarında razılıq yaranıb. Mənim sizə böyük hörmətim var. Lakin Tamillanın X.Züfüqarovanın kollektivində işləməsinə razılıq verilib.
T.Xudayarovanın xatırələri: “Ansamblda təcrübə keçirdim, mənə maaş yazılırdı, Xoreoqrafiya Məktəbində oxuyaraq təqaüd alırdım. Xumar xanım ansamblda mənimlə solo hazırlayır, yaxşı alındığı üçün razı qalır, xoş sözlər deyərək məni daha da həvəsləndirirdi. O, Ü.Hacıbəylinin “Koroğlu” operasından “Qızlar rəqsi”ndə də mənə solo ayırmışdı. Sonra o, ansambldan getdi, Əlibaba Abdullayev gəldi. Bunun iş üslubu tamam başqa idi. Bu yaradıcı, müdrik, maraqlı, zəhmətkeş insan mənim hər hərəkətimi izləyirmiş. Bir gün mənə dedi ki, səninlə söhbətim var. Söhbət zamanı söylədi ki, sənin uca boyun, səhnə görünüşün, bütün əlamətlərin üçün solo “Qavalla” rəqs hazırlayacağam. Elə də etdi, “Şur” və “Dilkeş” muğamlarına əsaslanan xalq melodiyaları üzərində “Qavalla rəqs”in məşqlərinə başladı. Zəhməti hədər getmədi, bütün tapşırıqlarını, göstərdiyi incə məqamların hər birini yerinə yetirdim. Konsertlərdə solo oynadım. Və “Qavalla rəqs”lə Azərbaycan Dövlət Filarmoniyasının solisti adını qazandım. Əlibaba müəllim R.Behbudovun teatrında da qurduğu “Qavalla rəqs” bütün konsertlərdə uğur qazanırmş. Rəşid müəllim çox məmnun imiş və Ə.Abdullayevlə razılığa gəlibmiş ki, o, bu rəqsə heç yerdə quruluş verməyəcək. Ustad, rəqsimizin professoru, çox böyük mütəxəssisi mənimlə işləyəndə dedi ki, Rəşidlə olan razılığımı pozmalı oluram. Axı belə istedadlı rəqqasə gözümün qabağında olduğu halda, “Qavalla rəqs” üçün hazır kadr ikən bunu necə etməyə bilərəm?! Rəşid müəllim gərək məni bağışlasın”.
Doğrudan da müdrik xoreoqraf fikrində səhf etməmişdi, fəhmində tam haqlı idi. Bu qızın bütün göstəriciləri “Qavalla rəqs”in boyuna, rəqsdəki çüjet xətti, məzmun, hərəkətlər, bütün incəliklər, istifadə olunan musiqinin ritmik əhvalı Tamillanın boyuna biçilmişdi. T.Xudayarova səhnə fəaliyyəti ərzində bu rəqsi oynayaraq hər yerdə tamaşaçı sevgisi və alqışlar qazanıb.
Ə.Abdullayev Dövlət Rəqs Ansamblında qızlar üçün kütləvi “Toy rəqsi” qurmuşdu. Qızların bir qrupu səhnəyə qırmızı paltarlarda, əllərində nəlbəkilərlə, digər qrup isə tünd göy paltarlarla, əllərində stəkanlarla çıxırdılar. Əlibaba müəllim bu zəngin quruluşlu, maraqlı rəqsdə də Tamilla xanıma solo hazırlamışdı. O, səhnəyə ağ paltarda çıxır, qızların qırmızı və göy paltarları arasında füsünkar və cazibədar görünürdü. Baletmeyster oynaq və lirik musiqidən istifadə etmişdi, qızlar əllərində stəkanları fırladanda muğam səslənir, sonda isə rəqqasələr oynaq melodiyaya rəqs edərək səhnədən çıxırdılar. Oğlanlı-qızlı kütləvi rəqs “Yallı”da da Tamilla xanımın cəlbedici solosu var idi. Onun hündür boyu bu rəqsdə öz təsirini göstərirdi. Ümumiyyətlə oğlanlar və qızlardan ibarət bütün kütləvi rəqslərdə T.Xudayarovaya solo ayrılırdı. “Osetin rəqsi”nin ortasında o, Nəriman Kərimovla çox maraqlı solo göstərirdi. Burada osetin rəqslərinə aid xüsusiyyətlər, hərəkətlər yetərincə qaydasında və doğru-düzgün olaraq öz təcəssümünü tapırdı. Ümumiyyətlə bizim rəqs ifaçılarmız və onların sırasında T.Xudayarova bütün dövrlərdə başqa xalqların rəqslərinə aid quruluşlarda məharət göstəriblər.
Tamilla xanım bir rəqqasə olaraq bu sənətdə əvvəldən özünü doğruldaraq, sevgi-məhəbbət, populyarlıq qazanmış və daim diqqətdə olmuşdur. Belə ifaçılar həmişə kollektivin gözü, aparıcı qüvvəsi, güvənc yeri, nüfuzu və fəxri olub. Tamilla xanım kimi məharətli rəqqasə ilə işləmək quruluşçu baleteysterlərin işini asanlaşdırır, hazırladıqları bütün rəqslərə güc-qüvvət, gözəllik və yar-yaraşıq bəxş edir. T.Xudayarova işlədiyi rəqs ansambllarının incə, nəcib, gözəl, füsünkar rəqqasəsi olmaqla, həm də kollektivin canı-çövhəri və gücü idi.
O, duet rəqs “Nazeləmə”də çox maraqlı və gözəl ifa göstərirdi. Bu rəqsdə Xanlar Bəşirov və Fərhad Qəndahovla tərəf-müqabil olub.
Yüksək xidməti nəzərə alınaraq Tamilla Xudayarovaya 1987-ci il dekabrın 30-da Azərbaycan SSR-in əməkdar artisti fəxri adı verilib. Onun xatirələrindən: “Bu münasibətlə evimizdə qonaqlıq idi. Ailəmizin sevinçi ev-eşiyə sığmırdı. Allah, ata-anam necə sevinirdi… Mənə söz veriləndə dedim ki, əməkdar artist adı almağım ata-anamın zəhməti, dərin məhəbbəti, qayğısı, verdikləri tərbiyə, bəxş etdikləri inam, ümid və mənə arxa-dayaq olmaları nəticəsində olub. İlk olaraq mənin istedadıma onlar qiymət veriblər, əlimdən tutub “Cücələrim” rəqs ansamblına aparıblar. Hər uğuruma sevinib, üzümə gülümsünüb, başıma sığal çəkib, tərifləyib, dəyər verib məni daim qanadlandırıblar”.
O, 1989-cu il mayın 24-də keçirmə qaydasıyla Dövlət Mahnı və Rəqs Ansamblına daxil olaraq solist kimi fəaliyyətini davam etdirib. Həmin vaxt burada baş baletmeyster Fərhad Vəliyev idi. O, quruluş verdiyi rəqslərdə mütləq T.Xudayarovanın səviyyəsini nəzərə alırdı. F.Vəliyev ansambl üçün on altı qızdan ibarət “Qavalla rəqs” qurmuş və Tamilla xanımı nəzərdə tutaraq solo hazırlamışdı. Bu rəqs hər konsertdə tamaşaçıların gur alqışlarına qərq olurdu.
F.Vəliyev 1990-cı illərin əvvəllərində müharibə mövzulu “Qarabağ lövhələri” süitası qurmuşdu. Burada çox maraqlı süjet xətti və təsirli məzmun var idi. Bu bir faktdır ki, F.Vəliyev qurucu, yaradıcı xoreoqraf olaraq həmişə aktual mövzuları da repertuara daxil edib. Ümumiyyətlə, o, geniş yaradıcılıq təxəyyülünə malik olaraq süitalar qurmaqda daim usta olub. Haqqında danışdığımız süita da əsl əsərə çevrilərək böyük mahiyyət və dövr üçün əhəmiyyət daşıyırdı. O, bu əsərində də T.Xudayarovanı əsas solist kimi görərək onunla ciddi şəkildə işləmişdi. Bilirdi ki, bu rəqqasə ilə hazırladığı işin uğurlu və yüksək nəticəsi olacaq. Tamilla xanımın söylədiklərindən: “Mən əsərin qayəsinə uyğun olaraq müharibə səhnəsində uzun, qara libasda və başımda qara örpəklə çıxırdım. Fərhad müəllim bu süitanı xorun müşayiətilə qurmuşdu. Burada Mahnı və Rəqs Ansamblı bütün heyətlə şıxış edirdi. F.Vəliyev çox təsirli səhnələr qurmuşdu…”
O illərdə F.Vəliyev oğlanlar və və qızlardan ibarət “Bakı rəqsi” adlı böyük, möhtəşəm kütləvi rəqs də hazırlamışdı. Burada Tamilla xanım solist olaraq Ramiq Baxışəliyevlə təqəf-müqabil idi. Onların solo ifası çox gözəl alınır, xüsusi məna kəsb edirdi, çünki bir-birlərini əla başa düşürdülər. “Bakı rəqsi” öz süjet xətti, mahiyyəti, ardıcıl maraqlı hərəkətləri ilə xüsusi dəyər daşıyırdı. “Azərbaycantelefilmin” Nazim Abbasın bədii rəhbər və rejissorluğu ilə çəkdiyi “Rəqqasə” filmində qəhrəman T.Xudayarovadır.
F.Vəliyev T.Xudayarovanın ifasını nəzərə alaraq “Qarabağın maralı” adlı rəqs qurur. Tamilla xanım bu rəqsi filarmoniyada verilən konsertlərdə Mahnı və Rəqs Ansamblının müşayiətilə oynayır. Lakin televiziya çəkilişi üçün Tamilla xanım müğənni Ağadadaş Ağayevə müraciət edir. A.Ağayev bu mahnını ifa edərək fonoqram hazırlayır. Burada muğam da var. Tamilla xanım həmin fonoqramla lentə çəkilir. Muğam ifa olunan hissədə Tamilla xanım yerdə əyləşərək yumşaq hərəkətlər edir, sanki o, əlləri ilə muğam ifa edir, oradakı sözlərin, məzmunun izahınə verir və tamaşaçı ilə danışır. Demək lazımdır ki, burada da çox gözəl nəticə alınır. “Rəqqasə” filmində Tamilla xanımın rəqslərində bu fonoqramdan da istifadə edilir. Əslində film Maestro Niyazinin “Arzu” vokal əsəri və bu musiqi üzərində Xumar Zülfüqarovanın Tamilla xanımla filarmoniyanın məşq otağında çalışdıqları işlə başlanır. İş bu əsər üzərində qurulub və əsasən bu məşq film ərzində davam edir. Mahnı SSRİ xalq artisti Bülbülün ifasında simfonik orkestrin müşayiətilə maqnitofonda səslənir (çəkilişdə ağ rəngli maqnitofon da göstərilir) və Xumar xanım öz yetirməsi Tamilla xanım üçün rəqs qurur. Burada hər şey göz qarşısında təbii olaraq görünür, ciddi məşq gedir, rəqqasənin hər hərəkətini izləyən pedaqoq X.Züffüqarova danışır, ona iradlarını bildirir, göstərdiyi süjeti, hərəkərləri, ardıcıllığı olduğu kimi tələb edir. Doğrudan da rejissor və çəkiliş qrupu ustalıq göstərərək məşq prosesini olduğu kimi, təbii olaraq, inandırıcı şəkildə lentə alıblar. Yəni iş prosesi canlı olaraq necə olubsa, elə də görünür. Məşq otağında tam ciddi və yaradıcı iş gedir, Xumar xanım və Tamilla xanım işlək vəziyyətdə, məşq geyimində, tərləmiş halda çalışırlar. Çəkilişdə Tamilla xanımın bəstəkarlarımızın müxtəlif musiqi əsərlərinə filarmoniya səhnəsində, Lənkəranda, AzTV-də və digər yerlərdə oynadığı rəqslərdən, bundan əlavə hind rəqsindən istifadə edilib. Söylədiyimiz kimi çəkilişin əsas məzmunu filarmoniyanın rəqs ansambllarının məşq salonunda X.Zülfüqarova və T.Xudayarovanın məşqi üzərində qurulub. Qeyd etməliyik ki, Niyazinin “Arzu” əsəri üzərində rəqs qurulması və məhz bu işə Xumar xanımın cəlb olunması Tamilla xanımın bilavasitə öz istəyi idi. Filmin sonuna doğru hissədə Tamilla xanım “Arzu” əsəri üzərində X.Zülfüqarovun qurduğu rəqsi oynayır. Burada dərin lirizm, axıcılıq, rəqqasə üçün əsl yaşantı var və T.Xudayarova bunları dərindən duyaraq ifa göstərir.
Tamilla xanım filmdə bu musiqi əsərlərinə rəqs edib: 1. İ.Novnuzlunun “Qarabağın maralı”, mahnı, xalq artisti A.Ağayevin ifasında, F.Vəliyevin quruluşunda. 2.T.Quliyev “Darıxma”-mahnı, SSRİ xalq artisti Z.Xanlarovanın ifasında, xalq artisti X.Zülfüqarovanın quruluşunda. 3. C.Cahangirov “Qarabağ lövhələri” Mahnı və Rəqs Ansamblnının ifasında, F.Vəliyevin quruluşunda. 4. Xalq musiqisi əsasında “Qavalla rəqs”, xalq artisti Əlibaba Abdullayevin quruluşunda. 5.Anand Şankar. Hind rəqsi “Qanderva”, Tanu Şri Şankar və F.Vəliyevin quruluşunda. 6.Niyazi “Arzu” vokal əsər, SSRİ xalq artisti Bülbülün ifasında, X.Zülfüqarovanın quruluşunda. Film üzərində işləyənlər: Vüqar Tapdıqlı, Oqtay Əlizadə, Kamran Məmmədov, Firudin Hüseynov, Yavər Xeyirov, Ruslan Seyidəhmədov, Xumar Zülfüqarova, bədii rəhbər Nazim Abbas.
Müəllif olaraq bu yazını hazırlayarkən “Rəqqasə” filminə Yotube kanalında diqqətlə tamaşa etdik və razı qaldıq.
T.Xudayarova: “Rəqqasə” filmi ilə bağlı Nazim Abbas mənə mürciət edəndə, dedim ki, xarici ölkəyə səfərim var, həm də Xumar xanımla bir rəqs üzərində işləyirik, vaxtım məhduddur. N.Abbas gülər üzlə mənə cavab verdi ki, dediklərin öz yerində, gəlin bu filmi çəkək tarixdə qalsın. Nazim Abbas məşqlərimizə gəlir, tamaşa edirdi. Odur ki, əyani şəkildə hər şeyi gördü və filmdə bütün bu detallardan istifadə etdi”.
Əsl yaradıcı insan, öz işinin pərgarı N.Abbasın fikri doğru olaraq öz təsdiqini tapdı, “Rəqqasə” filmi tarixdədir, lentlərdə, Youtube kanalındadır və daim izləyiciləri var. 1992-ci ildə çəkilmiş bu film özü də T.Xudayarovanın rəqs sənətində zəngin xidmətinə aiddir və bilavasitə onun işgüzar olmasına sübutdur. Bu zəhmətkeş, sənətsevər, öz işinin vurğunu, dərin bilicisi, nümunəvi ifaçısı, ömür həsr edəni olan Tamilla xanım Azərbaycan rəqs sənətində dərin iz salmış, fəaliyyəti ərzində bir-birindən gözəl və yaddaqalan rəqsləri ilə əsl peşə tarixi yaratmışdır. Onun bədən plastikası, incə, zərif əl-qol hərəkətləri, səhnə yerişi, üz cizgiləri, mimikası, çevikliyi, rəqsləri ilə əsl obraz yaratması beletmeysterləri daim qane etmişdir. Qurucu xoreoqraflar onunla işləməkdən məmnun olmuş, zövq almış və uğurlu işlərə imza atmışlar.
Tamilla xanıma qəfildən sual verəndə ki, rəqs aləmində siz ən çox kimə yaxınsınız-cavab verdi ki, hamı ilə. Bəli, bu cavab özü çox şey deyir.
T.Xudayarova Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivlərində çalışdığı zaman çox geniş və səmərəli fəaliyyətdə olmuşdur. O, solisti olduğu konsert müəssisəsinin səhnəsində, Azərbaycanın bütün bölgələrində, keçmiş SSRİ-nin şəhərlərində, əksər xarici dövlətlərdə kütləvi və solo rəqslərdə çıxış etmişdir. T.Xudayarova 1994-cü ildə öz ərizəsi ilə Dövlət Filarmoniyasından getmişdir. Onun fikirlərindən: “1995-ci ildə Türkiyə Cümhuriyyətinə Azərbaycan Respublikasından dövlətlərarası qaydada dəvət edildim”.
T.Xydayarova orada Ankara-Başkənd Kurumları-Adana Başkənd Özel okullarında pedaqoq-baletmeyster-xoreoqraf ştatına işə qəbul olunub və pandemiya dövrünün başlanması ilə əlaqədar Azərbaycana qayıdıb. O, işlədiyi okullarda, bütünlükdə isə Türkiyədə sənət bacarığı, səmərəli, yaradıcı işi ilə böyük nüfuz qazanıb. Onun dediklərindən: “Calışdığım yerdə mənə hər cür şərait yaradılmışdı, daim qayğı, diqqət göstərilir və işimlə bağlı tələb olunan hər şeyə yardım göstərilirdi. Təhsilin Kollec pilləsinin binasında böyük, geniş zalda okul və kollec öyrəncilərinə dəsrlər keçir, rəqslər qurur, tamaşalar hazırlayırdım. Maykl Ceksonun repertuarındakı modern mahnılardan başlamış, Qafqaz xalqlarının musiqisinə qədər geniş və zəngin bazadan istifadə edirdim. Fərqli, müxtəlif janrlarda rəqslər qururdum. Qurduğum rəqslərdə qızlar çoxluq təşkil edir, az saylı oğlanlar isə solist kimi çıxış edirdilər. Xeyli sayda bir pərdəli balet tamaşaları hazırladım. Hər gün, bəzən şənbə-bazar da çalışırdım. Balet-tamaşaların hər birində 50-70 tələbə çıxış edirdi. Kollecin binasında mənim dərslərim, fəaliyyətim üçün ayrılan yeri balet zalı etmişdim. Bundan başqa kollecdə böyük konsert-tamaşa zalı var idi. Hazırladığımız repertuarı burada tamaşaya qoyurduq. İşimdən böyük zövq alırdım. Axı xüsusi dəyər verilir və maraq göstərilirdi.
Balet teatrolarına klassik musiqi əsərlərindən də seçib düşünərək üzərində quruluş aparırdım. Dünya və Azərbaycanın klassik bəstəkarlarından nümunələr seçmişdim. Fikrət Əmirov və Arif Məlikovun əsərlərinə də müraciət etmişdim.
Birpərdəli balet-tamaşalar böyük marağa səbəb olurdu. “Atatürk cocuqlarıyız”, “Aşçı başı məcarası”, “Yılın mövsümleri”, “Sehirli yüzük”, “Onu anlamak”, “Kara deniz”, “Lahana”, “Cocuklarımız, geleceyimiz” və başqa adlarda 1 pərdəli balet nümunələrinə quruluş vermişdim. Qəzetələrdə, televizionda məlumat verilirdi. Çəkilişlər edilərək bütün valideynlərə paylanırdı”.
Bilindiyi kimi Azərbaycan rəqs sənətinin ən parlaq nümayəndələrindən biri T.Xudayarova qardaş Türkiyədə də geniş yaradıcılıq işində çalışaraq mühüm işlər görmüşdür. Sevinməli və fərəhli haldır ki, rəqs sənətçilərimiz dünyanın hansı ölkəsində çalışmasından asılı olmayaraq, yüksək peşə nümayəndəsi kimi iş göstərir, bizə, vətənimizə və milli mədəniyyətimizə baş ucalığı gətirirlər.
TƏDQİQATÇI, SƏNƏTŞÜASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU-ƏHSƏN RƏHMANLI