“Omicron” ştammı “delta” ilə müqayisədə daha sürətlə yayılır – İnfeksionist
“Omikron” ştammı “delta” ilə müqayisədə daha çox sürətlə yayılır. İnkubasiya dövrü isə daha qısadır – 72 saat. Bu isə o deməkdir ki, “delta” əvvəlki variantlarla müqayisədə tez yayıla bilirdisə, “omikron” daha tez bir zaman ərzində yayılır, lakin, klinik gedişatına görə əlamətlər “delta” ilə müqayisədə daha mülayimdir.
Bunu açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.
Onun sözlərinə görə, ağır klinik gedişat və hospitalizasiya halları delta ilə müqayisədə aşağıdır.
“Lakin bu ştammın immun sisteminin üzülməsi olan şəxslərdə (QİÇS, uzunmüddətli immunsupressiv preparatlar qəbul edən şəxslərdə) ağır keçmə ehtimalı istisna olunmur. Simptomlarda oxşarlıq ola bilər, çünki bütün ştamlar SARS-cov 2 virusunun mutasiyalarıdır və tənəffüs yolları infeksiyasına aiddir. Ən çox üstünlük təşkil edən əlamətlər başağrısı və halsızlıqdır. Boğazda qaşınma, öskürək, ürək vurğularının sürətlənməsi, tərləmə kimi əlamətlərə də təsadüf etmək olar”, – deyə o bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K “Omicron” variantı aşkarlanıb.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur./trend.az