Qazaxıstan iğtişaşlarla bağlı 5,1 min nəfər saxlanılıb, 16 asayiş keşikçisi ölüb
Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.
TASS-ın yaydığı xəbərə görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, – məlumatda deyilir.
Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev “Xabar 24” telekanalının efirində bildirib ki, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlayıb.
İğtişaşlar zamanı bir neçə polis əməkdaşı, Qazaxıstan Milli Qvardiyasının və Müdafiə Nazirliyinin hərbçisi həlak olub, 1,3 mindən çox asayiş keşikçisi yaralanıb. Bu barədə isə bazar günü respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 polis əməkdaşı öldürülüb, 1,3 mindən çox polis əməkdaşı, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, – məlumatda deyilir.
Həmçinin “Ölkədə iğtişaşlar zamanı bütövlükdə 400-dən çox avtomobil, o cümlədən daxili işlər orqanlarının 346 nəqliyyat vasitəsinə zərər vurulub və məhv edilib. Talançılar 100-dən çox iri ticarət və bank obyektini talayıblar. İlkin ziyan 87 milyard təngədən (təxminən 200 milyon ABŞ dolları-red) çoxdur”, – E.Turqumbayev qeyd edib.
O qeyd edib ki, polis əməkdaşları və hərbi məktəbin kursantları döyülüb, təzyiqlərə məruz qalıb.