Unun bahalaşmasının qarşısını necə almaq olar?
Taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənilir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda unun qiymətinin qalxmasından danışarkən deyib. Deputat bildirib ki, 2021-ci ilin 11 ayında Azərbaycan bir milyon tondan artıq buğda idxal edib:
“Bu, məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir. 2020-ci ilin 11 ayında 1,2 milyon ton buğda idxal olunmuşdu. Amma 1,2 milyon buğdaya 262 milyon dollar vəsait ödənilmişdi. Əslində rəqəmlərin müqayisəsi göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxardıb. Amma təbii ki, biz qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik”.
Vüqar Bayramov hesab edir ki, taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyaların verilməsi məqsədəuyğun olardı:
“Nəzərə alsaq ki, taxıl, buğda strateji əhəmiyyət daşıyır. Bu baxımdan daha məqsədəuyğundur ki, buğda istehsal edən fermerlər baxmayaraq ki, stateji məhsul olaraq daha çox subsidiya alırlar, amma həmin subsidiya məbləğinə baxılması və xüsusən də istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur. Bu zaman xüsusən də keyfiyyət növündən asılı olaraq daha çox buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər. Bu da nəticə etibarı ilə imkan verir ki, həm istehsalın genişləndirilməsinə nail olmaq mümkün olsun, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınması və bütövlükdə qiymətlərin optimallaşdırılması mümkün olsun”.
Deputat eyni zamanda hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizin taxıl istehsalı baxımından böyük potensialı var:
“Füzuli, Ağdam və digər bir sıra işğaldan azad olunmuş rayonlarımız işğaladək taxıl istehsalında aparıcı rayonlar idi. Bu baxımdan həmin rayonlarımızda da taxıl istehsalının intensiv şəklə salınması, təşkil olunması və həmin ərazilərimizin yenidən aparıcı taxıl istehsal edən rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundir. Bu istiqamətdə də işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var. Təbii ki, mina prosesə təsir edən, mane olan əsas səbəblərdəndir. Əlbəttə, minalardan təmizlənmə prosesinə uyğun olaraq həmin əraziləriməzdə taxıl əkini sahələrinin salınmasına ehtiyac var ki, bütövlükdə yerli istehsal hesabına taxıl fondunu genişləndirmək mümkün olsun”.
Bu baxımdan çörəyin qiyməti strateji əhəmiyyət daşıdığı üçün və nəzərə alanda ki, Azərbaycanda hər bir ailənin, demək olar, gündəlik istehlak etdiyi məhsul məhz çörəkdir, o zaman yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığının minumumlaşdırılmasına ehtiyac var ki, bununla da qiymət artımların qarşısını alaraq, ümumiyyətlə, daha optimal şəkildə taxılın və unun təklif edilməsinə nail olunması mümkün olsun./qaynarinfo.az