Etiraz vəziyyətinin yaranmasında əsas günah hökumətin üzərinə düşür – Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib.
Bu barədə “Kazinform” Akordanın mətbuat xidmətinə istinadən xəbər verib.
Prezident bildirib ki, baş nazir Askar Mamin istefa ərizəsini təqdim edib. Baş nazirin istefası dövlət başçısı tərəfindən qəbul edilib. Konstitusiyaya görə, baş nazirin istefası bütün hökumətin səlahiyyətlərinə xitam verilməsi deməkdir. Hökumət üzvləri yeni tərkib formalaşana qədər fəaliyyətlərini davam etdirəcəklər. Baş nazirin səlahiyyətlərini Əlixan Smailov icra edəcək.
İclas iştirakçılarına müraciət edərək Kasım-Jomart Tokayev hökumətin əsas vəzifələrdən birinin – inflyasiyanın qarşısının alınmasının yerinə yetirmədiyini vurğulayıb.
“Bu vəzifə ölkə hökumətinin yeni tərkibi və kabinetin yeni rəhbəri üçün əsas vəzifə olacaq”, – deyə dövlıət başçısı bildirib.
Prezident vəziyyətin sabitləşdirilməsində gördüyü işlərə görə Hökumət Komissiyasına, hüquq-mühafizə orqanlarına, Mangistau vilayətinin akiminə təşəkkür edib.
Ölkədəki hazırkı çətin ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdən danışan Kasım-Jomart Tokayev qeyd edib ki, etiraz vəziyyətinin yaranmasında əsas günah hökumət, xüsusən də Energetika Nazirliyi, həmçinin “Kazmunaigaz” və “Kazakqaz” şirkətləri üzərinə düşür.
Dövlət başçısı fövqəladə vəziyyətin tətbiqindən sonra Almatı şəhərində və Manqistau vilayətində vəziyyətin tədricən düzəldildiyini qeyd edib. O, vəziyyəti sabitləşdirmək üçün bütün tapşırıqların verildiyini, əsas yükün isə vəzifələrini uğurla yerinə yetirən Daxili İşlər Nazirliyi, SOBR və Milli Qvardiyanın üzərinə düşdüyünü vurğulayıb.
Prezident Mangistau vilayətində maye qaz istehsal edən KazGPZ bazasında yeni zavodun tikintisinin sürətləndirilməsi ilə bağlı ötən ilin iyununda verdiyi sərəncamının icrasını da tənqid edib.