Münasibətlərin normallaşması Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi şərti ilə mümkün ola bilər – Ömər Çelik
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanla münasibətlərin normallaşması məsələsində irəli sürdüyü bir sıra şərtlər vardı. Bunlardan biri, Azərbaycanın bu məsələyə pozitiv baxması idi. İkinci mühüm bir məsələ isə dövlətimizin başçısı arxivlərin açılmasını, saxta “erməni soyqırımı” mövzusu ətrafında siyasətçilərin və parlamentarilərin deyil, tarixçilərin işləməsini və hər kəsin də nəticələrə hörmətlə yanaşmasını ifadə edib. Ermənistan tərəfi indiyə qədər Türkiyənin arxivlərin açılması məsələsində inamlı tərzdə ortaya qoyduğu bu mövqeyə münasibət bildirməyib.
Bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Ankarada keçirdiyi mətbuat konfransında söyləyib.
İkinci Qarabağ müharibəsi ilə işğalın başa çatdığını diqqətə çatdıran Ömər Çəlik vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülhü təmin etmək üçün aydın mövqe ortaya qoyublar. Məqsəd gərginliyi azaltmaq və sabitliyə nail olmaqdır.
Partiya sözçüsü deyib: “Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin təmin edilməsi çərçivəsində bir iradə ortaya çıxıb. Yaddaşımızın ən böyük həssaslığı azərbaycanlı türk qardaşlarımızın bu normallaşma prosesinə müsbət münasibətidir. Azərbaycan türk qardaşlarımız bu normallaşma prosesinə müsbət baxdıqlarından və Prezident İlham Əliyev də məsələyə münasibətdə müsbət fikirdə olduğu üçün Türkiyə bu addımları regionda sülhə töhfə vermək, bölgədəki gərginliyi azaltmaq və hər zaman olduğu kimi öz inamını və xoş niyyətini göstərmək üçün atır”.
Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıçın Ermənistanın müəyyən etdiyi xüsusi nümayəndə ilə görüşəcəyini bildirən Ömər Çelik deyib ki, normallaşma prosesi baş verərsə, bir çox addımlar atılacaq. İlk atılacaq addımlardan biri, bəlkə də İstanbul-İrəvan çarter reyslərinin bərpası ola bilər./trend.az