2021-ci ildə ən çox satılan kitab…
“Mücrü” nəşriyyatı 2021-ci ildə ən çox satılan kitabların siyahısını açıqlayıb.
Aqşin Evrən və Xəzər Süleymanlının birlikdə yazdıqları “Ayrılıqların təkrarı” romanı ilin ən çox satılan kitabı olub.
Aqşin Evrən kitabla bağlı danışarkən bildirib ki, “Ayrılıqların təkrarı” romanı 2021-ci ilin oktyabr ayında satışa çıxıb və cəmi üç aya iki nəşri tükənib:
“Artıq kitabımızın üçüncü nəşri çap mərhələsindədir. Yaxın günlərdə romanımızın yeni nəşri satışa çıxarılacaq. Onu da deyim ki, kağızın qiyməti qalxdığı üçün çap xərcləri də artıb. Lakin biz kitabın qiymətində heç bir dəyişiklik etməyəcəyik. Yəni artım olmayacaq, kitabımız əvvəlki qiymətə satılacaq. Kitabımızla bağlı oxucuları maraqlı sürprizlər gözləyir”.
Qeyd edək ki, “Ayrılıqların təkrarı” romanında eyniliyin müxtəlif çalarları əks olunub. Əsərdə iki əsrlik sirrin izinə düşən tarixçi özünü tamam fərqli bir dünyada tapır. Bundan sonra onun həyatında qəribə hadisələr yaşanır. Bu qəribəliklərin mərkəzində isə sevdiyi qadın və onun çəkdiyi rəsmlər var. Onların sevgisi çətin və bir o qədər də ağlagəlməz sınaqlar qarşısındadır. Tarixçi iki əsrlik sirri açmaqda qərarlıdır, lakin bu yolda ona mane olmaq istəyən gizli qüvvələr var…
Romanı əldə etmək üçün 070 800 45 05 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz./kulis.az