Türkiyə meydana girdi – Putinin yeni MDB planına qarşı kritik həmlə
“Türkiyə Cənubi Qafqazdan sonra Mərkəzi Asiyada da Rusiyanın mövqelərini zəiflətmək üçün daha aktiv rol oynayacaq”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, MDB ölkələrinin liderlərinin Sankt-Peterburqdakı qeyri-formal sammitinin Rusiya və Qərb arasında yaşanan böhran fonunda keçirilməsi diqqət çəkir:
“Hesab edirəm ki, Vladimir Putinin təklifi ilə belə bir sammitin keçirilməsində əsas məqsəd keçmiş sovet məkanında əsas gücün Rusiya olduğunu nümayiş etdirməkdir. Təsadüfi deyil ki, Rusiya prezidenti bir neçə gün əvvəl ABŞ və NATO-ya ultimatum verərək, alyansın MDB məkanına doğru genişlənməsini dayandırmağı tələb edib. Onun mesajı həm də NATO ilə əməkdaşlığı genişləndirmək istəyən region dövlətlərinə yönəlib. Bir sözlə, Rusiya hələ də keçmiş sovet məkanını öz “təsir dairəsi” sayır. Yəni Rusiya hələ də keçmiş ittifaq respublikalarına bərabərhüquqlu tərəfdaş kimi yanaşmır.
Hesab edirəm ki, Rusiyanın bütün səylərinə baxmayaraq MDB formatının gələcək perspektivi yoxdur. Rusiya ötən otuz il ərzində bura üzv ölkələrin bir neçəsinə qarşı hərbi təcavüzə yol verib, üzv ölkələri ilə bərabərhüquqlu tərəfdaş kimi davranmayıb.
Putin MDB-ni yeni layihələri çərçivəsində inkişaf etdirməyə çalışır. Belarusla Birlik Dövlətinin qurulması buna nümunədir. Rusiya gələn ildən yeni siyasət ortaya qoyacaq. Bu qonşu ölkələrə qarşı təzyiq siyasəti olacaq. Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə hərbi-siyasi ittifaqı gücləndirdikcə, Rusiyanın bu siyasəti bizim üçün effektli olmayacaq. Artıq Rusiya MDB məkanında yeni, güclü Türkiyə ilə üz-üzə gəlməyə başlayıb. Türkiyə Cənubi Qafqazdan sonra Mərkəzi Asiyada da Rusiyanın mövqelərini zəiflətmək üçün daha aktiv rol oynayacaq”.
Məhəmməd Əsədullazadə Rusiya və Ukrayna arasındakı son gəlişmələrə də diqqət çəkib:
“Ukrayna və Rusiya arasında müharibə başlasa, hesab edirəm ki, MDB ölkələri Rusiyadan uzaqlaşacaq. Çünki Ukraynaya növbəti açıq təcavüz bölgədə mənfi presedent yarada bilər. Cənubi Qafqazda gəldikdə, qənaətimə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansa, Rusiyanın yeni MDB strategiyası fiaskoya uğrayacaq”.