Hədiyyə alarkən diqqətli olun – Arzuolunmaz sürpriz
“Müştərinin yaşadığı narahatlıq bizi çox təəssüfləndirir və buna görə üzr istəyirik”
Sosial şəbəkə istifadəçisi Kəmalə Mikayılzadə “Araz” supermarketlər şəbəkəsinə məxsus marketdən aldığı hədiyyə qutusunu açanda xoş olmayan sürprizlə qarşılaşıb. İstehlakçı sosial media postunda bununla bağlı paylaşıb edib: ““Araz” marketdən (Murtuza Muxtarov küçəsi) 4 manat 9 qəpiyə hədiyyə almışam. İçindən çıxana baxın. Yeyib, kağızını da büküb içinə qoyublar”.
Vətəndaş açıqlamasında deyib ki, hədiyyə qutusunu təsadüfən açıblar: ““Sehirli qutu” yazıblar, doğrudan da “sehirlidir”. Hədiyyə qutusunu elə hədiyyə etmək üçün almışdım. Amma nəvəm əlini uzadıb istədi deyə dedim, eybi yoxdur, yenisini alaram. Nəvəm də balacadır. Qutunu açır, baxır, maraqlanır. Bu zaman qutudan içiboş şirniyyat kağızı düşdü. Həm pis oldum, həm də sevindim ki, nə yaxşı başqasına hədiyyə etməmışəm”.
“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva məsələ ilə bağlı açıqlamasında bildirib ki, şikayətlə bağlı sözügedən supermarketlə əlaqə saxlanılıb: “Market daxilində hədiyyə qutusuna heç bir müdaxilə edilməyib. “Araz” Supermarketlər şəbəkəsi olaraq təəsüüf edirik ki, müştərimiz belə bir halla qarşılaşıb. Dəyərli müştərimizin şikayəti əsasında məsələ araşdırıldı, kamera görüntülərinə baxıldı. Bəlli oldu ki, hədiyyə qutusuna market daxilində heç bir müdaxilə edilməyib”.
“Xatırladım ki, həmin hədiyyə qutuları “Araz” da daxil olmaqla, bütün şəbəkələrdə satılır və marketləri bu məhsullarla tədarükçülər təmin edir. Heç bir hədiyyə qutusu marketdə yığılmır, bu səbəbdən də biz yaranan vəziyyətlə bağlı tədarükçüləri məlumatlandırdıq və araşdırılma aparılmasını tələb etdik. Təkrar bildirmək istəyirəm ki, dəyərli müştərimizin bizdən asılı olmayan səbəbdən yaşadığı narahatlıq bizi çox təəssüfləndirir və buna görə ondan üzr istəyirik”, – deyə şirkət təmsilçisi söyləyib.