Rusiya Türkiyə sərhədinin yaxınlığında hərbi baza yaradır
Rusiyanın Suriyada sayca üçüncü iri hərbi bazasını yaratmaqda olduğuna dair fotolar yayılıb.
Söhbət Türkiyə ilə sərhədə yaxın Kamışlı şəhərində yerləşən bazadan gedir. Burada daha əvvəl-Suriyanın şimalında vəziyyət gərginləşəndə və Türkiyənin PKK/YPG yaraqlılarına qarşı yeni irimiqyaslı hərbi əməliyyatlara hazırlıq gördüyü bir vaxtda Rusiya bir neçə döyüş vertolyotları və qırıcılar, o cümlədən Su-34, Su-35S və MiQ-29 döyüş təyyarələri yerləşdirmişdi.
İndi isə Kamışlı aerodromunun ərazisində irimiqyaslı tikinti işlərinin getdiyi, orada radiolokasiya sistemlərinin yerləşdirildiyi görünür.
Bildirilir ki, yaxın vaxtlarda Kamışlı aerodromunda Rusiya Hava Kosmik Qüvvələrinin bombardmançı və qırıcı aviasiyası yerləşdiriləcək, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri orada mövqe tutacaq. Habelə müəyyən sayda şəxsi heyətin də bazada yerləşdiriləcəyi bildirilir. Hərbi ekspertlərə görə, Rusiyanın Kamışlıda yeni aviabaza yaratması onun təkcə Suriyaya deyil, daha geniş regiona nəzarət etməsi üçün imkanlar açır.
Rusiya KİV-ləri onu da xəbər verir ki, dekabrın 25-dən etibarən Hmeymim aviabazasında və Kamışlı aerodromunda Rusiya Hava Kosmik Qüvvələrinin manevrləri başlayıb. “Militarist” Telegram-kanalı isə bildirir ki, Rusiya Hava Kosmik Qüvvələri bir neçə gün əvvəl Kamışlı aerodromuna iri aviaqruplaşma, o cümlədən A-50U uzaqmənzilli hava radarı göndərib.
Rusiya ordusu hələ 2019-cu ilin sonlarında Kamışlı aerodromunda möhkəmlənməyə başlayıb və ora maddi-texniki təchizat, mühəndis bölmələri yerləşdirib. Kamışlı aerodromu sərhəddən cəmi 5 kilometr məsafədə yerləşir./virtualaz