Maaş artımı: həm xoş xəbərdir, həm də naxoş

 

Təəssüf ki, əməkhaqlarının artan hissəsi əlimizdən çıxacaq

Orta hesabla, statistikaya görə, maaşlar daim artır, lakin insanların rifahı bundan demək olar ki, yaxşılaşmır. Günahkar qiymət artımıdır və cari il bu amil xüsusilə güclü hiss olunur.

Pandemiya illərində qiymət artımı tendensiyası miqyasından kənara çıxıb və buna görə də inflyasiya dinamikasının hər hansı ənənəvi stimullaşdırıcıları bu dalğada xüsusilə kəskin şəkildə hiss olunacaq. Bu dəfə maaşların və sosial müavinətlərin indeksləşdirilməsi bir “maxovik” rolunu oynaya bilər.

İqtisadçı ekspert Eldəniz Əmirovun şərhinə görə, bu səbəbdən fevralda qiymətlərin yeni artım raundu gözlənilir və ona görə də indidən bu bəladan necə qorunmaq barədə düşünmək, qabaqlayıcı tədbirlər görmək lazımdır: “Yaxın 10-12 gün ərzində yanvar ayından müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanacaq və bu, ümumilikdə müsbət hal “yan təsirlər” yarada bilər”.

“Artıq qiymət artımına qarşı duruş gətirmək gələn ilin əsas vəzifəsi elan olunub. Belə ki, bu ərəfədə iqtisadiyyat naziri Mikayıl Cabbarov süni qiymət artımının qarşısının alınması üçün gücləndirilmiş tədbirlərin prioritet olduğunu açıqlayıb. Göründüyü kimi, hökumət ciddi şəkildə qarşıya qoyulan hədəfi həyata keçirməyə hazırdır. Problem diqqət mərkəzindədir və bu, yaxşı əlamətdir”, – deyə həmsöhbətimiz bildirib.

Qeyd edib ki, monetar orqanlar və hökumət tərəfindən görülən tədbirlər bu ilin son 4-5 ayı ərzində kifayət qədər nəzərə çarpan inflyasiyanı müəyyən qədər cilovlamağa imkan verib: “Eyni zamanda, maaşların artırılması gələn ilin fevralından başlayaraq yeni qiymət artımı dalğasını stimullaşdıra bilər. Gəlirin artması iqtisadi fəaliyyətə təsir edəcək, müvafiq olaraq istehlakın və malların qiymətlərinin artmasına gətirib çıxaracaq, sonra isə xidmətlər bahalaşacaq”.

“Məsələn, bir bərbər və ya dərzi xidmət haqlarını artırmaqla xərclərini kompensasiya etməyə çalışacaq. Bundan əlavə, dövlət sektorunda əməkhaqlarının artımını müşahidə edən özəl sektorda çalışan işçilər, belə desək, “sosial ədaləti” bərpa etməyə çalışacaq və xidmətlərinin qiymətlərini qaldıracaqlar. Axı onların maaşlarını qaldıracaq bir qurum yoxdur. Bu, normal iqtisadi reallıqdır – əmək haqqının və gəlirlərin artması həmişə istehlakın artmasına səbəb olur, ona görə də qiymətlər də qalxır”, – deyə Əmirov vurğulayıb.

Amma bizim təcrübəmizdə inflyasiya adətən daha ciddi olur və miqyasda əsas səbəbi üstələyir. Mütəxəssis belə izah edir: “Bu, inhisarların qiymət diktəsi ilə baş verir. Artıq 15 ildir ki, ölkəmizdə Rəqabət Məcəlləsi müzakirə olunur, amma qanun qəbul olunmayıb. Bahalaşmanın səbəblərindən biri də budur. Bu arada inflyasiya, təbii ki, təkcə sadə vətəndaşlara deyil, həm də ölkənin iqtisadi inkişaf tempinə ağır zərbədir. Ona görə də fevral bahalaşmasını gözləmədən indidən qabaqlayıcı tədbirlər görmək çox vacibdir”.

İqtisadçı ekspert Natiq Cəfərli də açıqlamasında deyib ki, ölkəmizdə baş verən inflyasiya prosesləri, xüsusən də idxal seqmentində inhisarçılığı həqiqətən stimullaşdırır: “Ümumiyyətlə, qiymətlərin artımı obyektiv və subyektiv amillərlə bağlıdır. Birincilər arasında pandemiyanın nəticələrinin yaratdığı qlobal qiymət artımı və dövlət tərəfindən tənzimlənən qiymət artımı dayanır. Sağlam rəqabətin olmaması ikinci səbəbdir”.

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov da o fikirdədir ki, bazarın inhisarlaşdırılması qiymətləri diktə edən ayrı-ayrı oyunçuların bölünməz hökmranlığına gətirib çıxarır: “Daxili səbəblərə dünya bazarlarından inflyasiyanın Azərbaycan bazarına gətirilməsi ilə yanaşı, il ərzində təbii inhisar subyektlərinin xidmətlərinin tariflərinin artırılması, daxili inhisarın demonopolizasiyasının kifayət qədər səviyyəsinin olmaması, iqtisadiyyatda yerli istehsalın qeyri-kafi həcmi kimi amillər də var”.

Ekspert dairələrində mümkün inflyasiya ilə bağlı narahatlığa həftənin sonunda təsdiq edilmiş, 2022-ci il yanvarın 1-dən təhsil sistemində və dövlətdən maliyyələşən bir sıra büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılmasını nəzərdə tutan sərəncamlar paketi səbəb olub. Bu sənədə əsasən, təhsil sistemində çalışan 165 min işçinin əməkhaqqı təxminən 20-30% artacaq. Bunun üçün gələn ilin dövlət büdcəsində 273 milyon manat nəzərdə tutulub.

Bundan başqa, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların rəhbər və digər işçilərinin maaşları orta hesabla 20 faiz artırılacaq. Daha əvvəl xəbər verildiyi kimi, dövlət başçısı 2021-ci ilin oktyabrında hökumətə vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib. 2022-ci ildə bu tədbirlər 2,1 milyondan çox insanı əhatə edəcək və onların maliyyələşdirilməsinə dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılacaq./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password