BMT baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb
BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.
Bu barədə bazar günü BMT-nin baş katibi Antoniu Quterreş məlumat verib.
O, qeyd edib ki, hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.
“COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Mövcud sağlamlıq böhranını həll edərkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, – Quterreş tviter hesabında yazıb.
“Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni göstərək”, – dünya təşkilatının administrativ rəhbəri çağırıb.
Qeyd edək ki, BMT Baş Assambleyası ötən il epidemiyaların qarşısının alınması, hazırlığın artırılması və onlarla mübarizədə səylərin birləşdirilməsi probleminə diqqəti cəlb etmək məqsədilə Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Gününün təsis edilməsi haqqında qətnamə qəbul edib. Dekabrın 27-si Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günü kimi qeyd olunur.
Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır. Koronavirusa yoluxma üzrə ilk yerləri ABŞ, Hindistan, Braziliya və digər ölkələr bölüşür.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.