Ağar: İkinci Qarabağ savaşının ən böyük dərsi…
İkinci Qarabağ müharibəsi zamanı öyrənilən ən böyük dərslərdən biri dağlıq ərazidə edilən əməliyyat və bu əməliyyatı həyata keçirən birliklərdir.
Bunu Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar açıqlamasında bildirib.
O bildirib ki, komandolar müasir hərbin ən əsas fiqurlarında biridir.
“Başda Qarabağ olmaqla, Azərbaycanın bir çox bölgəsi dağlıq ərazidir. Bu dağlıq ərazilərdə maneələr yaradan və lazım gəldikdə mübarizə aparacaq birliklərə ehtiyac var. Bu səbəbdən Komanda Briqadası quruldu. Digər tərəfdən müasir hərbin ən əsas fiqurlarından biri komandolardır. Onlar həm yüksək ağıl, ruh, fiziki qabiliyyət və cəsarət göstərməlidir, həm də müasir texnologiyadan istifadə edə bilməlidir”, – deyə A.Ağar qeyd edib.
Ekspert bildirib ki, Hadrut bu yöndə xüsusi bir ərazidir. Çünki demoqrafik və topoqrafik quruluşuna görə həssas bir ərazi idi və müharibənin qazanılan ən vacib zəfərlərindən biri Hadrutda yaşandı.
“Hadrutun ətrafı dağlıq ərazidir və bu səbəbdən Qarabağın ən önəmli yerlərindən biridir. Bütün bu səbəblərə görə orada komanda briqadasının olması son dərəcə doğru, mənalı və vacib nəaliyyətdir. Komanda Briqadasının yaradılması gələcəkdə hər hansı bir mübarizə zamanı arzuedilən müvəffəqiyyəti əldə etmək üçün önəmli bir addımdır”,- deyə o vurğulayıb.
Qeyd edək ki, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.
Açılış zamanı ölkə başçısı qeyd etdi ki, Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Azərbaycanda bir çox Komando briqadalarının yaradılması planlaşdırılır./trend.az