Putinin eyhamı: Kalirforniya necə işğal edilib?
Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransında işlətdiyi “Bəs, Meksika və ABŞ-ın heç vaxt ərazi problemi olmayıb? Daha əvvəl Kaliforniya kimin mülkiyyətində idi? Bəs Texas? Unutmusunuz?”cümləsi bir anda diqqəti tarixə yönəltdi. Maraqlıdır, Rusiya liderinin bəhs etdiyi ştatlar hansı dövlətə məxsus olub? ABŞ bu əraziləri necə əldə edib?
Tarixi mənbələrə görə, Kaliforniya ərazisinə ispan missionerləri 18-ci əsrin sonlarında gəlməyə başlayıblar. 1821-ci il Meksikanın Müstəqillik Muharibəsi nəticəsində Kaliforniya Meksika ərazisinə çevrilib.
Kaliforniyada Kanada və ABŞ-dan olan insanlar 1820-ci illərdən etibarən məskən salıblar. 1846–1848-ci illərdə başlanan Meksika-Amerika müharibəsi nəticəsində Meksika öz ərazisinin yarıdan çoxunu, həmçinin Kaliforniyanı itirib. Lakin Kaliforniyanın aşağı regionu olan Baja Kaliforniya Meksikanın ərazisi kimi qalıb. Müharibə ölkələr arasında sərhəd anlaşılmazlığına görə baş verib.
Texas da qədimdən müxtəlif hind tayfalarının yaşayış yeri olub. Daha sonra bura Avropada yaşayan ispanlar köç etməyə başlayıblar. XVIII əsrin sonunda müasir Texasın bütün ərazisi Meksika ilə birlikdə İspan koloniyasının bir hissəsi olub. 1821-ci ildə isə Texas Meksika imperiyasının bir hissəsinə çevrilib. Daha sonra Texas Meksikadan ayrılmaq və müstəqil olmaq üçün mübarizə aparıb. Tarixi mənbələrə görə, toqquşmalar təxminən 10 il davam edib. ABŞ rəsmi olaraq bu mübarizəyə qarışmayıb. Amma qeyr-rəsmi şəkildə Texasa köməklik göstərib.
Texas Meksikadan ayrıldıqdan sonra, 1845-ci il tarixli müqaviləyə əsasən ABŞ-ın tərkibinə qatılıb və ölkənin 28-ci ştatı olub.