Ziya Məmmədov və ortaqlarına 100 milyon dollar “otkat” işi: İsveç məhkəməsi nə qərar verdi…

 

İsveç məhkəməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin yüksək vəzifəli şəxslərinə 100 milyon dollar “otkat” ötürülməsi işi üzrə belə qərara alıb ki, “Bombardier Transportation” (Kanadanın “Bombardier” şirkətinin İsveçdəki törəməsi) şirkətinin keçmiş vitse-prezidenti Tomas Bimerin günahı yoxdur.

Bu haqda “The Globe and Mail” qəzetinin müxbiri Stokholmdan bildirir.

Tomas Bimerin vəkillər komandası bu ilin noyabr ayında başlayan məhkəmə prosesində bildirmişdilər ki, onların müdafiə etdiyi şəxsin bu korrupsiya sövdələşməsindən xəbəri olmayıb. İttiham aktında isə deyilirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC və onun tərəfdaşı “Trans Signal Rabitə” MMC  ilə “Bombardier” şirkəti arasında Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya avadanlıqları ilə təchiz edilməsi üçün bağlanan 340 milyon dollarlıq müqavilədən 100 milyon dollar rüşvət qismində “yüksək vəzifəli Azərbaycan məmuruna” ödənilib və bu korrupsiya sövdələşməsi Tomas Bimerin razılığı ilə həyata keçirilib. Lakin məhkəmənin ötən gün dekabrın 22-də gəldiyi qənaətə görə Tomas Bimerin bu işdə əlinin olmasına dair ittiham tərəfinin təqdim etdiyi dəlillər “tutarlı deyil”.

Bimerin vəkili Tomas Nilsson bildirib ki, onun müştərisi nəticədən “olduqca məmnundur”. Çünki məhkəmə onun rüşvət sövdələşməsində iştirak etmədiyini təsdiqləyib. Məhkəmənin qənaətinə görə,  “Bombardier Transportation” şirkətinin dəmir yol nəqliyyatı üzərində nəzarət üzrə vitse-prezidenti vəzifəsində olarkən  cənab Bimer bu cür irimiqyaslı sövdələşməni təsdiqləmək səlahiyyətində deyildi.

Qəzet yazır ki, İsveçdə aparılan bu məhkəmə ilə bağlı “Bombardier” şirkətinin səhmləri ucuzlaşır. Hərçənd birbaşa şirkətə qarşı heç bir iddia irəli sürülməyib və ayrı-ayrı fiziki şəxslər bu korrupsiya sövdələşməsinə görə mühakimə olunurlar.

Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan, 2013-cü ildə imzalanan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb. Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi, o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi.

“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, “Bombardier” şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub”, – prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi.

Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub.

“Multiserv Overseas Ltd.” isə “Bombardier” şirkətinə Azərbaycanda 340 milyon dollarlıq kontraktı udmaq üçün istifadə edilən qurama şirkət idi. Bu şirkət həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də iştirak edib. “Bombardier” lə “Multiserv Overseas Ltd.” arasında tərəfdaşlıq müqaviləsi Moskvada Rusiya Dəmir Yollarının o zamankı rəhbəri Vladimir Yakuninlə “Bombardier” şirkətinin direktorlar şurasının sədri Pyer Boduan arasında imzalanmışdı.

“Bu, çox nəhəng sövdələşmə idi və Stokholm üçün həddən artıq böyük görünürdü. Bu iş korporativ səviyyədə görülüb”, – prokuror deyib.

Tomas Bimerə qarşı irəli sürülmüş ittihamda göstərilib ki, həmin korrupsiya sövdələşməsi əsasında 46 ədəd “Ebilock-950” siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan “Multiserv Overseas” adlı şirkətə köçürülüb. Daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər.

Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur.

“Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password