İranın xarici işlər naziri Bakıya gəlib – TEHRAN NƏ İSTƏYİR?
İranın xarici işlər naziri Əmir Abdullahian Azərbaycana rəsmi səfərə gələcək. XİN rəhbərinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacağı, Prezident İlham Əliyevlə və parlamentin spikeri Sahibə Qafarova ilə görüşəcəyi də istisna olunmur.
Danışıqların mövzusu iqtisadi əlaqələrin inkişaf etdirilməsi, azad olunmuş ərazilərin bərpasında İran tərəfinin iştirakı, həmçinin İran Astarasından Azərbaycan vasitəsilə Gürcüstana və Qara dəniz limanlarına nəqliyyat dəhlizinin işə salınması məsələləri olacaq.
İranın Xarici İşlər Nazirliyinin dekabrın 21-də yaydığı məlumatda bildirilir ki, bundan öncə iki ölkənin XİN rəhbərləri İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclası çərçivəsində danışıqlar aparıblar: “İki yüksək səviyyəli diplomat ikitərəfli əlaqələrin artan tendensiyasından məmnun olduqlarını bildiriblər və Tehran və Bakı arasında əməkdaşlıqdakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar”.
“Bayramov Əmir Abdullahianı yenidən Bakıya dəvət edib,” – qurumun məlumatında əlavə olunub.
Xatırladaq ki, Azərbaycanla İran arasında avqus-sentyabr aylarında ciddi gərginlik baş verib. Rəsmi Bakı Qubadlının Eyvazlı kəndində İran-Ermənistan əlaqələrini təmin edən nəzarətsiz Gorus-Qafan yoluna sərhəd və gömrük postları qoyması Tehranı qıcıqlandırıb. Bunun ardınca Azərbaycanın sərhədləri yaxınlığında hərbi təlimlərə start verilib. Azərbaycan rəhbərliyinin adekvat reaksiyasından sonra İran tərəfi geri çəkildiyini, gərginliyə son qoyulduğunu elan edib. Ötən ay İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən zirvə görüşündə bir araya gələn Azərbaycan və İran Prezidentləri ölkələr arasında heç bir fikir ayrılıqlarının olmadığını bəyan ediblər. Daha sonra Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana göndərilməsi ilə bağlı hökumətlərarası sazişə imza atılıb./Turan