İqtisadi Zonaların İnkişafı Agentliyi niyə yaradıldı?
Azərbaycan Prezidenti “İqtisadi Zonaların İnkişafı Agentliyinin” yaradılması haqqında fərman imzalayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək agentlik 65 milyon manatlıq nizamnamə fondu ilə azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.
Bəs İqtisadi Zonaların İnkişafı Agentliyinə niyə ehtiyac var idi?
Mövzunu şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək: “Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların ərsəyə gətirilməsi məsələsi aktuallığını qoruyub saxlayıb. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müsasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir”.
Millət vəkili bildirib ki, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir: “Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına re-inteqrasiyası baxımından da vacibdir” – deyə Vüqar Bayramov fikirlərini tamamlayıb.