Türkiyə, Rusiya və İran nümayəndələri arasında görüş – Müzakirə mövzusu…

 

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriya probleminin həlli məqsədilə yaradılan Astana platformasının qarantiyor ölkələri-Türkiyə, Rusiya və İran heyətləri bir araya gələcək.

Görüşdə Türkiyəni Xarici İşlər Nazirliyinin Suriya üzrə nümayəndəsi, böyük səfir Səlcuq Ünal, Rusiyanı Astana prosesində Prezident Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranı isə bu ölkənin Xarici İşlər Nazirliyinin Suriya üzrə nümayəndəsi Əli Asgar Hacı təmsil edir.

Bundan başqa, toplantıda Suriya rejiminin xarici işlər nazirinin müavini Ayman Susan, hərbi müxalifəti isə Əhməd Tuma təmsil edir.

17-ci Astana müzakirəsində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin təmsilçisi Khavala Mattar da iştirak edir.

İraq, İordaniya və Livan Astana platformasına müşahidəçi qismində qatılıb.

Nur-Sultana çatan türk heyəti ilk görüşünü BMT heyəti ilə keçirib.

Suriyadakı mövcud vəziyyət, humanitar yardımın çatdırılması, Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin bərpası, əsirlərin mübadiləsi, girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışı kimi etimadın möhkəmləndirilməsi tədbirləri iki günlük görüşün əsas müzakirə ediləcək məsələləri olacaq.

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Lavrentyev görüşdən əvvəl mətbuata verdiyi açıqlamada ilk növbədə yerlərdə vəziyyətə və atəşkəsin təmin edilməsinə diqqət yetirəcəklərini bildirib.

Suriyada İŞİD və digər terror qruplaşmalarının hücrələrinin son zamanlar yenidən aktivləşməyə başladığını qeyd edən Lavrentyev deyib ki, Türkiyə və iranlı tərəfdaşlarımızla görüşlərimizdə bu mövzuya üstünlük verəcəyik.

Qaçqın problemi, məhbusların sərbəst buraxılması, humanitar böhran kimi məsələlərin aradan qaldırılması üçün Suriyadakı siyasi prosesin inkişafının vacibliyinə diqqət çəkən Lavrentyev əlavə edib ki, Suriya Konstitusiya Komitəsinin işi də əsas müzakirə mövzusu olacaq: “Bu mövzuda Suriya heyəti ilə məhsuldar görüş keçirmişik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password