Türkiyə və Ermənistan ilk addımı atdı: qərarda Bakının mövqeyi nəzərə alınıb?

 

Şahin Hacıyev: “Tərəflər siyasi qərar verib və fövqəladə hal baş verməsə, addım-addım bunu həyata keçirəcəklər”

Qabil Hüseynli: “Danışıqların nəticəsi Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması ilə paralel olacaq”

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, diplomatik əlaqələrin bərpası istiqamətində addımlara başlanılıb. Artıq hər iki tərəf normallaşma prosesi üçün xüsusi təmsilçi təyin edib. Türkiyə tərəfindən diplomat Sərdar Qılıc Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində aparılan danışıqlarda xüsusi təmsilçi təyin olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güvəndiyi bürokrat kimi xarakterizə edilən Qılıc əvvəllər qardaş ölkənin Milli Təhlükəsizlik Şurasının baş katibi, Tokiyo və Vaşinqtonda səfir kimi önəmli vəzifələrdə çalışıb.

“Bir tərəfdən Azərbaycanla Ermənistan arasında etimadı artıran adımlar atılır, digər tərəfdən paralel olaraq Ermənistanla öz aramızda addımlar atmamızda fayda gördük”, – deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nümayəndə təyini ilə bağlı açıqlamasında bildirib.

Xatırladaq ki, Çavuşoğlu Türkiyə və Ermənistanın yaxın vaxtlarda münasibətlərin normallaşdırılası və ölkələr arasında çarter reyslərinin açılması üçün xüsusi nümayəndələr təyin edəcəyini açıqlamışdı. Çavuşoğlu bildirmişdi ki, İrəvan və Ankara tərəfindən təyin olunacaq xüsusi nümayəndələr iki qonşu ölkə arasında münasibətləri normallaşdırmaq yollarını axtaracaq.

Ermənistan tərəfindən də məsələyə müsbət reaksiyalar verilir. Belə ki, Ermənistan XİN mətbuat katibi Vahan Hunanyanın mətbuat üçün bəyanatında qeyd edib ki, Ermənistan, əvvəllər də olduğu kimi, Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılmasına hazırdır və bu barədə Ermənistan hökumətinin proqramında da qeyd olunub: “Ermənistan tərəfi də bu dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiq edir”.

Yeri gəlmişkən, Ermənistan da xüsusi nümayəndə təyin edib. Hunanyan qeyd edib ki, Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün dialoq prosesində Ermənistanı təmsil edəcək.

Xatırladaq ki, Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Türkiyə sərhədlərini bağlamasını, diplomatik əlaqələrini kəsməsini Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əsaslandırıb. 2008-2009-cu illərdə Ermənistan Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasına, sərhədlərin açılmasına cəhd göstərsə də, iki həll edilməmiş problem – Qarabağ münaqişəsi və Türkiyənin 1915-ci ildə “erməni soyqırım”ını tanımaması səbəbindən bu cəhd baş tutmadı.

Siyasi icmalçı Şahin Hacıyev deyib ki, görünür, İrəvan və Ankara siyasi qərar veriblər: “Hər iki tərəfin səlahiyyətli nümayəndə təyin etməsi o deməkdir ki, danışıqlar tam açıq olmasa da, artıq  rəsmi şəkildə keçiriləcək. Və burada əsas məqsəd münasibətlərin normallaşması, sərhədlərin açılması, diplomatik əlaqələrin yaradılmasıdır. Tərəflər siyasi qərar verib və fövqəladə hal baş verməsə, addım-addım bunu həyata keçirəcəklər”.

“Belə bir siyasi qərar verilibsə, çox güman ki, bu, Azərbaycandan əvvəlcədən hansısa razılıq alınıb”, – deyə analitik qeyd edib. 

Siyasi şərhçi xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl çıxışı zamanı Qarabağla bağlı aparılan danışıqların heç birində “Qarabağın müstəqilliyi” ilə bağlı məsələlərin nəzərdə tutulmadığını söyləyib: “Demək ki, Ermənistan artıq tələb kimi “Qarabağın müstəqilliyi” məsələsini gündəmə qoymur. İrəvan Qarabağı Azərbaycanın tərkibində tanımağa hazır görünür. Azərbaycanın mövqeyi də budur. Bu baxımdan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında, diplomatik əlaqələrinin bərpa olunmasında qeyri-adi nəsə yoxdur”, – deyə Hacıyev əlavə edib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa edirsə, bu, Azərbaycanla razılaşdırılıb.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri Azərbaycanla razılaşdırılmış qaydada həyata keçirilir: “Təbii ki, Türkiyənin Azərbaycanla münasibətdə sinxron hərəkətləri pozularsa, bu ümumi işə xələl gətirə bilər. Onsuz da, Çavuşoğlu da, digər rəsmilər də açıqlamalarında bildirdilər ki, bütün məsələlər rəsmi Bakının mövqeyi ilə uzlaşdırılır”.

“Hesab edirəm ki, Türkiyə və Ermənistan tərəfindən normallaşma ilə bağlı xüsusi nümayəndənin təyin olunması siyasi emosiyaları sakitləşdirmək üçündür. Bu danışıqlar uzun çəkə bilər. Əlbəttə, danışıqların nəticəsi Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması ilə paralel olacaq. Azərbaycan-Türkiyə münasibətlərində ümumi proseslərdən kənara çıxma hallarının baş verəcəyini təsəvvür etmirəm”, – Q.Hüseynli bildirib.

Politoloq vurğulayıb ki, ümumilikdə regionda sülhün əldə olunması üçün ölkələr arasında münasibətlərin normallaşması vacibdir: “Yəqin ki, Ermənistan gələcəyinin, bir dövlət kimi varlığını qoruyub-saxlamağın yolunun Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasında olduğunu anlayıb. İrəvanın başqa şansı yoxdur. Bu baxımdan, Paşinyan hökumətinin reallığı dərk etdiyini söyləmək olar. Proseslərin gedişatını izləmək lazımdır. Təbii ki, Ankaranın şərtləri var və olacaq. İnanmıram ki, Türkiyə o şərtlərinin həyata keçməyəcəyi təqdirdə tam diplomatik münasibətləri bərpa etsin”. /ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password