Putinin yeni masası: Moskvada Əliyev-Paşinyan görüşü mümkündür?
Ermənistan mediası Əliyevlə Paşinyanın ilin sonuna kimi Moskvada görüşə biləcəyini yazır. Görüşün mümkünlüyü həm də Soçi razılaşmasının praktiki mərhələyə keçirilməsi baxımından gözləniləndir.
Soçidə sərhədin delimitasiya və demarkasiyası üzrə razılaşma əldə olundu. Kommunikasiya ilə bağlı İrəvanın etirazı prosesi Brüsselə qədər daşıdı və Avropa masasında bu məsələ ətrafında fikir ayrılığı nəzəri baxımdan olsa da aradan qalxdı.
İrəvan Zəngəzur dəhlizinə post quracağını deyir, Bakı əvəzində Laçın dəhlizində eyni rejimi tətbiq edəcəyini açıqlayıb, Moskva bu məsələdə susur. İstisna deyil ki, Zəngəzur dəhlizi boyunca dəmiryolu və avtomobil yolunun inşasına qədər “dəhliz, yoxsa yol” prinsipi açıq saxlanılsın. Bu, indiki halda bölgədə bütün tərəflərə sərf edir, çünki hazırda kommunikasiyanın bərpasında hər kəs maraqlıdır.
Moskva görüşü ilə bağlı iddiada diqqətçəkən məqam geniş tərkibdə ola biləcəyinə dairdir: müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirlərinin də iştirak edəcəyi iddia olunur;
Belə bir tərkibdə mümkün görüşün olması Moskva masasından ciddi gözləntilər yaradır:
1. Sərhədlə bağlı razılaşmada praktiki addım atıla bilər: müdafiə nazirlərinin iştirakı delimitasiya müqaviləsinin imzalana biləcəyi ehtimalını önə çıxarır; Soçidə sərhədin delimitasiyası, ardınca demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı, bu o deməkdir ki, delimitasiya – sərhədin xəritə üzərində çəkilməsi Rusiyanın iştirakı ilə həyata keçiriləcək və delimitasiya müqavilə imzalanacaq; demarkasiya üzrə yaradılacaq ikitərəfli komissiya delimitasiya müqaviləsi əsasında sərhədi çəkəcək;
2. Kommunikasiya üzrə Soçi və Brüssel razılaşmaları əsasında görüşəcək işlər konkretləşdirilə bilər: İşçi Qrupunun iştirakının bununla bağlı olacağı mümkündür;
3. Yekun sülh sazişinin müzakirəsi təşkil edilə bilər: XİN rəhbərlərinin iştirakı bu ehtimalı önə çıxarır; istisna deyil ki, Rusiya gələcəkdə imzalanması gündəmdə olan yekun sazişin vasitəçiliyini indidən üzərinə götürmək istəyir;
Görüşün olacağı ilə bağlı heç bir rəsmi məlumat yoxdur, lakin erməni mənbələrin əvvəlki görüşlə bağlı məlumatlarının bu və ya digər formada doğru çıxdığını, eləcə də proseslərin inkişafını nəzərə alsaq, ilin sonunda Moskvada masanın qurulacağı mümkün görünür.
Asif Nərimanlı