Paşinyan Tiflisi “razı salmağa” gedib?
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 20-də Gürcüstana səfər edib. Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə əvvəlcə təkbətək görüşüb, daha sonra liderlərin iştirakı ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçirilib. Bu, Paşinyanın Gürcüstandakı müzakirələrlə bağlı yayımlanan məlumatdır.
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyanın Gürcüstana səfəri zamanı qapalı müzakirədə Qaribaşvilinin “3+3 platforması”na mövqeyini də öyrəndiyini düşünür:
“Gürcüstan bəlli səbəblərə görə platformanın Moskvadakı ilk iclasında iştirak etməyib. Növbəti iclas Ankarada keçiriləcək və türkiyəli rəsmilər çalışırlar ki, budəfəki toplantıda Gürcüstan təmsil olunsun. Abxaziya və Cənubi Osetiyanın işğalı və Rusiya ilə diplomatik münasibətlərin yoxluğu fonunda Gürcüstan hökumətinə “3+3 platforması”yla bağlı qərar vermək çətindir. Ancaq təklif Ankaradan gəlib və Türkiyə tərəfdaşı Gürcüstanın regional dialoqda iştirakını arzulayır. Bu səbəbdən Tiflisin Ankaraya “yox” deməsi çətinləşib”.
Politoloqun fikrincə, Nikol Paşinyan Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü əməkdaşlıq platformasının əleyhinə deyil:
“Bunun iki səbəbi var. Birinci səbəb odur ki, Nikol Paşinyan Türkiyə ilə əməkdaşlıq etmək istəyir. İkinci səbəb isə yeni platformanı Ermənistanın iki tərəfdaşı – Rusiya və İranın dəstəkləməsidir. Ancaq Gürcüstanın platformada iştirak etməməsi Paşinyanın Ermənistan daxilində mövqeyini zəiflədir. “Qarabağ klanı”nın timsalında radikal müxalifət Paşinyanı onsuz da Türkiyə və Azərbaycana satılmaqda ittiham edir. Paşinyan platformada Gürcüstanın olmasını istəyir ki, tək qalmasın. Gürcüstan da patformada iştirak edərsə, Paşinyan müxalifətə deyəcək ki, Ermənistan bölgə ölkələrinin tamamının iştirak etdiyi platformadan kənarda qala bilməzdi./axar.az