Ermənilər benzin almaq üçün Eyvazlı kəndinə gələcəklərmi…
Xəbər verildiyi kimi ötən gün dekabrın 20-də Qubadlının Eyvazlı kəndi ərazisində, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində ilk dəfə SOCAR yanacaqdoldurma məntəqəsi açılıb. Açılışda SOCAR prezidenti Rövnəq Abdullayev də iştirak edib və yayılan kadrlardan görünürdü ki, Ermənistana yük daşıyan İran TIR-ları həmin yanacaqdoldurma məntəqəsindən yanacaq doldururlar.
R.Abdullayev isə jurnalistlərə bildirib ki, YDM ərazisində “Kapital Bank”ın ödəmə terminalı yerləşir və müştərilər həmin terminalın köməyi ilə “istənilən valyuta” ilə ödəniş edə bilərlər.
Bu informasiya belə görünür ki, təkcə iranlı sürücülərə deyil, həm də Ermənistan vətəndaşlarına ünvanlanıb. Onlar da nəzəri olaraq Azərbaycanın gömrük postundan keçməklə Gorus-Qafan yolundan istifadə edə və nəticədə SOCAR yanacaqdoldurma məntəqəsində öz avtomobillərinə yanacaq doldura bilərlər.
Xəbər verildiyi kimi, ötən ilin dekabrında Gorus-Qafan yolunun Qubadlıdan keçən 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçəndən sonra Ermənistan vətəndaşları bu yoldan maneəsiz istifadə edə bilirdi. Noyabrın 15-dən isə Azərbaycan bu yolun üzərində öz suveren hüquqlarını həyata keçirərək sərhəd və gömrük nəzarət postu yerləşdirdi. Nəticədə Ermənistana yük daşıyan İran TIR-larının sürücüləri tranzit gömrük rüsumu ödəməklə həmin yoldan istifadə edə bilər. Ermənistan hökuməti alternativ yol çəkməyə başlasa da bu yol ya hazır deyil, ya da iri yük maşınlarının hərəkəti üçün əlverişli deyil. Ona görə də İran TIR-larının bir qismi rüsum ödəməklə Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsindən istifadə edirlər. Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə bildirmişdi ki, Azərbaycan gömrükçüləri Gorus-Qafan yolu üzərindəki gömrük postundan 2 milyon manata yaxın rüsum toplayaraq büdcəyə köçürüblər.
Doğrudur, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər hələ qurulmayıb, Ermənistan vətəndaşları üçün Azərbaycana gediş-gəliş rejimi müəyyən edilməyib və nəticədə onların Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsindən istifadə etməsinin şərtləri də hələ aydın deyil. Amma indiki halda Azərbaycanda yanacaq Ermənistandan ucuz olduğuna görə bu ölkənin vətəndaşları üçün Eyvazlıdakı YDM-dən yanacaq götürmək sərfəli görünür.
Belə ki, Ermənistanda Aİ92 markalı benzinin qiyməti hazırda 0.915 avro, yaxud 1 manat 83 qəpikdir. Eyvazlıdakı SOCAR yanacaqdoldurma məntəqəsindən isə həmin marka benzini 1 AZN-ə, yaxud 0.5 avroya almaq olar.
Ermənistanda Aİ95 markalı benzinin qiyməti isə hazırda 0,952 avro, yaxud 1 manat 90 qəpikdir. Azərbaycanda isə bu marka benzin 1 manat 60 qəpikdən satılır, yəni Aİ95 markalı benzinin qiymətində fərq elə də böyük deyil, amma Aİ92 markalı benzinə görə Ermənistan vətəndaşları yollarını Eyvazlı kəndindən sala bilərdi.
Dizel yanacağı isə Ermənistanda Azərbaycana nisbətən kifayət qədər bahadır, 0,897 avrodur və ya 1 manat 80 qəpiyə yaxındır. Azərbaycanda isə dizel yanacağının 1 litri cəmi 70 qəpiyədir, deməli İran TIR-larının sürücüləri öz maşınlarının yanacaq çənlərini Ermənistanda yox, məhz Azərbaycanda, Eyvazlı kəndindəki YDM-də doldurmağa çalışacaqlar. Bu isə onların ödədiyi gömrük rüsumunu kompensasiya edə bilərdi. O cümlədən Ermənistan vətəndaşları üçün də Eyvazlıdakı YDM-də dizelin qiyməti xeyli cəlbedicidir./virtualaz.org