Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin kosmik agentlikləri və müvafiq qurumlarının birinci işgüzar toplantısı keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov tədbirlə bağlı bildirib ki, cari ilin 12 noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçirilib: “Həmin toplantı çox vacib qərarlarla yadda qalıb, imzalanmış “Türkdilli Dövlətlər vizyon 2040″ sənədində kosmos sahəsində əməkdaşlıqla bağlı bəndlər də yer alıb. İmzalanmış sənəd türkdilli dövlətlərin bu sahəyə verdiyi dəstəyini ifadə edir. Bu gün Bakıda birinci dəfə türkdilli dövlətlərin kosmik agentliklərinin və kosmos ictimaiyyətinin rəhbər şəxslərinin iştirakı ilə toplantı baş tutur. Bu toplantıda əsas məqsəd türkdilli dövlətlərin kosmos sahəsində milli proqramları ilə daha yaxından tanış olmaq və bir-birimizin planlanlarını, çətinliklərini daha yaxından öyrənmək, əməkdaşlıq imkanlarını müəyyən etməkdir. İnanırıq ki, bu əməkdaşlıq nəticəsində türkdilli dövlətlərin kosmik agentlikləri birgə faydalı əməkdaşlıq edə biləcəklər və bu ölkələrdə yaşayan xalqlar kosmos və kosmik texnologiyaların faydalarından gələcək illərdə yüksək səviyyədə bəhrələnəcəklər”.
Türkiyə Kosmik Agentliyinin İdarə Heyətinin sədri Sərdar Hüseyn Yıldırım bildirib ki, kosmik sahə bütün dünyada çox önəm ifadə etməyə başlayıb: “Bütün dünyada hər gün, hər həftə bu sahədə yeni hadisələr, yeniliklər qeydə alınır. Hər kəs kosmosa çıxmağa can atır, bu istiqamətdə işlərini inkişaf etdirirlər. Bu il Türkiyənin Milli Kosmos Proqramı açıqlanıb. Bu proqrama uyğun olaraq biz dost və qardaş ölkələrlə əməkdaşlığı genişləndiririk. Bu ölkələrin başında da Azərbaycan dayanır. Artıq Azərbaycanla əməkdaşlıq protokolu imzalamışdıq. Bu protokol bizim bir sıra məsələlərdə birgə əməkdaşlığımızı əhatə edir. Lakin bugünkü toplantımız tarixi bir addımdır. Çünki yeddi ölkədən ibarət olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri iştirak edirlər. Bu gün bu ölkələrlə kosmos sahədə əməkdaşlığın ilk addımlarını atırıq”.
Onun sözlərinə görə, peyk platformaların istehsalında və digər kosmik sahələrdə əməkdaşlıq etmək lazımdır: “Bunun bir çox faydası var. Hər ölkənin tək başına fəaliyyəti həm bahalıdır, həm də əksik tərəflərini tamamlaması çətindi. Lakin birgə əməkdaşlıqla, yeddi dövlətin kosmosda daha güclü şəkildə var ola biləcəyinə inanırıq. Lakin məqsədimiz sülh xarakteri daşıyır, heç kimlə rəqabət aparmırıq. Birgə əməkdaşlıqla kosmosu daha yaxşı kəşf etmək istəyirik”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb. Sədri Bağdad Əmrəyev olan qurumun 5 üzvü (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və 2 müşahidəçisi (Macarıstan, Türkmənistan) var.