Sülhməramlıların yeni oyunu: “Azərbaycanın buna qarşı bir tələbi olmalıdır…”

 

“Rusiya sülhməramlı kontingentinin hərbi karvanı Laçın dəhlizindən keçməklə, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə növbəti dəfə “humanitar” yardım gətirib. Rusiya belə “humanitar yardım”ları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə həmin yardımların ərzaq yox, silah-sursatdan ibarət olduğu sonradan məlum olur”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiyanın həqiqətən humanitar yardım, yoxsa erməni qanunsuz silahlı birləşmələrinə silah-sursat daşıdığını bilmirik:

“Qarabağın dağlıq hissəsində hazırda silahlı erməni dəstələrinin sayı 15 minə yaxındır və onların silah təcihizatı Laçın dəhlizi vasitəsilə həyata keçirilir. 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinə görə, bu qanunsuz birləşmələr Azərbaycan ərazilərindən çıxarılmalıdır. Amma Rusiya sülhməramlıları üzərinə götürdükləri öhdəliklərə əməl etmir. Üstəgəl, oradakı qanunsuz silahlı dəstələr humanitar yük adı altında silah-sursatla təchiz olunur.

Ümumiyyətlə, Rusiya sülhməramlıları Qarabağdakı etnik ermənilərə nə humanitar, nə də digər yardımları etməlidir. Onların missiyası sülh və təhlükəsizliyin təmininə yönəlməlidir. Hesab edirəm ki, nə qədər Laçın dəhlizinə nəzarət bizdə olmayacaq, silahlı erməni birləşmələrinin əli ilə bizə baş ağrısı yaradacaqlar. Bundan əlavə, artıq Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Brüsseldə vəziyyətə uyğun olaraq, Laçın dəhlizində post qoyululacağı ilə bağlı mesajı təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil. Bu, bölgədəki silahlı erməni separtçılarının silahlandırılmasının qarşısının alınmasına yönəlmiş mesajdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı bəyanatı Azərbaycanın maraqlarına cavab verir:

“Laçın dəhlizi də Azərbaycanın suveren ərazisində yerləşir. Digər yandan, Xankəndi və ətrafında “rus icması”nın formalaşdırılması haqda məlumatlar dolaşır. Əgər bu qondarma icmanın üzvlərinə Rusiya pasortları paylanılsa, bu da Azərbaycan üçün problemə çevrilə bilər. Bu “icma”nın yaradılmasında məqsəd Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaqdır. Amma bu planın baş tutacağına inanmıram, Rusiyanın geosiyasi ambisiyalarının qarşısı alınacaq.

Hesab edirəm ki, gələn ildən Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısını almaq üçün Laçın dəhlizində Azərbaycan ordusunun postu qoymalıdır. Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Amma Azərbaycan buna baxmayaraq, öz təhlükəsizliyinin təmin edilməsi üçün buna getməlidir. Bir şərtimiz olmalıdır: ya oradakı silahlı erməni birləşmələri çıxarılmalı, ya da post qoyulmalıdır. Bu tələb Moskva qarşısında qaldırılmalıdır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password