Rusların əlinə “Bayraqdar” keçdi
Sosial şəbəkələrin rusdilli seqmentində “Bayraqdar TB2” döyüş pilotsuz təyyarəsinin qalıqları ilə foto çəkdirən yarımhərbi geyimli, slavyan görkəmli şəxsin görüntüləri yayılıb.
Bəzi Teleqram-kanallar həmin pilotsuz təyyarənin qalıqlarının görüntüsünün Suriyadakı Rusiya hərbi bazasında çəkildiyini bildirir. Bu isə o deməkdir ki, Rusiya hərbçiləri “Bayraqdar TB2” döyüş pilotsuz təyyarəsinin o qədər də ciddi zərər çəkməmiş qalıqlarına çıxış əldə ediblər.
Avia.pro saytı tərəfindən yayılmış növbəti məlumatlarda isə bildirilir ki, həmin dron Suriyanın İdlib vilayətində gedən döyüşlərin gedişində radioelektron mübarizə kompleksinin köməyi ilə “ələ keçirilib”. Lakin bu hadisənin nə vaxt baş verdiyinə dair heç bir məlumat yoxdur.
Ekspertlərə görə, rusiyalı mütəxəssislər üçün xüsusən “Bayraqdar”ın elektron sisteminin öyrənilməsi maraq kəsb edə bilər. Çünki həm Suriyada, həm Qarabağda gedən hərbi əməliyyatlar zamanı Rusiyanın ən qabaqcıl radioelektron mübarizə sistemləri, o cümlədən hava hücumundan müdafiə kompleksləri “Bayraqdar”lar qarşısında aciz qalıb. “Bayraqdar”lara qarşı mübarizə üçün “ən effektli vasitələr” kimi reklam edilən Rusiya sistemləri elə bu dronların özləri tərəfindən vurulurdu…/virtualaz.org