Ermənistan bu istiqamətdə hər şeyi etməyə hazırdır – Politoloq

 

“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq addımlar atılmağa davam edir. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın İstanbul-İrəvan-İstanbul reyslərinin açılması ilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxıldığını qeyd edib. Bunu iki ölkə arasında iqtisadi və diplomatik əlaqələrin qurulması istiqamətində atılan ilkin addım hesab etmək olar. Heç kəsə sirr deyil ki, son zamanlar Ermənistan və Rusiyanın maraqları üst-üstə düşmür. Daha doğrusu, İrəvan Kremlin birbaşa diktəsindən yayınmağa çalışır. Bu da təbiidir. Çünki rəsmi İrəvan hazırda Rusiyanın təsirindən çıxmaq, Qərbə inteqrasiya etmək istəyir. Görünür, Ermənistan bu istiqamətdə hər şeyi etməyə hazırdır. Vəziyyət o həddə çatıb ki, rəsmi İrəvan Ankara ilə də əməkdaşlığa hazırdır”.

Bunu açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloqun fikrincə, Türkiyə Ermənistan üçün Qərbin qapısıdır:

“Bu mənada demək olar ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdıraraq həm Kremlin təsirindən çıxmaq, həm də Qərbə inteqrasiya etmək istəyir. Rus asılılığını türk asılılığı əvəz edəcək. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması türk şirkətlərinin bu ölkəyə axın etməsi ilə nəticələnəcək. Türk şirkətlərinin bu ölkəyə investisiya qoyması, sayının artması Ermənistan iqtisadiyyatının tədricən Türkiyədən asılı hala gəlməsinə səbəb olacaq. Bundan başqa, sərhədlərin açılması erməni vətəndaşlarının işləmək üçün Türkiyəyə axın etməsi ilə nəticələnəcək. Digər tərəfdən, gələcəkdə Rusiyanın siyasi və hərbi çəkisinin azalması Türkiyənin iqtisadi baxımdan çəkisini artırması ilə əvəzlənə bilər. Rusiya hazırda Ermənistanda hərbi baxımdan təsirini qoruya bilir. Türkiyə isə gələcəkdə bunu iqtisadi təsiri ilə əvəzləyəcək. İrəvanın Ankaradan iqtisadi, Bakıdan isə enerji asılılığı olacaq. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı danışarkən hər fürsətdə qeyd edir ki, “Azərbaycan bu prosesdə daima olacaq. Hər zaman məlumat veriləcək. Koordinasiyalı addımlar da atılır”. Aydın məsələdir ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın maraqlarını nəzərə alır. Hesab edirəm bu məsələdə Bakı və Ankaranın maraqları və qərarları ortaqdır”.

Turan Rzayevin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub:

 

“Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür. Onsuz da münasibətlərin düzələcəyi təqdirdə gələcəkdə Ermənistan ərazisindən keçərək Türkiyəyə uzanan yeni enerji layihələrinin olacağı məlum idi. Digər tərəfdən, SSRİ dövründən Ermənistan Azərbaycandan enerji asılılığına malikdir. Yəni dəyişən nəsə olmayacaq. Faktiki olaraq sərhədlərin açılması ilə yaxın gələcəkdə Ermənistan Rusiyanın təsirindən çıxaraq Türkiyədən iqtisadi, Azərbaycandan isə enerji asılılığına düşəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password