Bakıda Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

 

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.

Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət naziri Anar Kərimov, aşıqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ustad sənətkarın şifahi xalq ədəbiyyatına töhfələrindən, türk dünyasının aşıq sənətinə təsirindən söz açıb: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür”.

Onun sözlərinə görə, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Sənətkarın yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı şəhərində onun heykəli qoyulacaq. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpagından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir”.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımov deyib ki, bu gün saz-söz bayramıdır: “Aylardır ki, biz hamımız bu bayramın içərisindəyik. Aşıq Ələsgar ustadlar ustadıdır. Onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layıqdir. Biz hər yerdə onun şeirlərindəki mükəmməlliyə poetik gözəlliyə baxdığımız zaman belə qərara gəldik. Bu mənada Aşıq Ələsgər özünün ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Aşıq Ələsgərin şeirlərinə baxdığımız zaman bu şeirlərin hər misrasında aşıq sənətinin nizamnaməsi olduğunu görürük”.

Tədbirin bədii hissəsində ustad sənətkarın sözlərinin aşıqlar, müğənnilər və qiraət ustaları tərəfindən təqdimatı olub. Tədbirə Tovuz, Qazax, Kəlbəcər və Laçından aşıqlar qatılıb, ustad sənətkarın yaradıcılığına müraciət ediblər. Proqramda qiraətçilərin ifasında “Ustadnamə”, “Qəmərcanı“, “İncimərəm”, “Qadan alım”, “Çeşmə sazçı folklor qrupu”nun ifasında “Ceyranım” və digər şeirlər səsləndirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password