Paşinyan “türk agenti” Ankara ilə danışıqlara göndərir
Ankara və İrəvan münasibətlərin normallaşması üçün xüsusi nümayəndələrini təyin etdi: Türkiyəni ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanı isə vitse-spiker Ruben Rubinyan təmsil edəcək;
Paşinyanın bu vəzifəni niyə Rubenə tapşırdığı maraqlıdır: bu şəxs vitse-spiker olmamışdan öncə qısa müddətli olsa da xarici işlər nazirinin müavini idi, lakin diplomatik məharətinə görə bu missiyanı ona həvalə etməyiblər;
Birincisi, Nikol Paşinyana yaxın şəxsdir və görünür, erməni baş nazir Türkiyə ilə danışıqların detallarının dar çevrədən çıxmasını istəmir;
İkincisi, R.Rubinyan inqilaba qoşulmaq üçün Ermənistana gəlməmişdən öncə – 2017-2018-ci illərdə Türkiyədə fəaliyyət göstərib: Hrant Dink Fondunda işləyib və Sabançı Universitetində araşdırma aparıb, hətta müharibədən sonra vitse-spiker seçiləndə erməni müxalif mediası ona qarşı “türk agenti” ittihamları da irəli sürürdü; Türkiyədəki erməni icması ilə yaxın münasibətləri var və hazırda erməni icması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir;
Nikolun bu misiyanı “türklərin dilindən anlayan” Rubenə həvalə etməsi həm də normallaşma müzakirələrindən daha qazanclı çıxmaq istəyindən irəli gəlir, çünki İrəvan heç bir şərt olmadan danışıqlar aparmaq istəyir, Ankara isə müzakirəni Bakının maraqları çərçivəsində quracağını deyir. Sərhədlərin açılmasını istəyən Ermənistan Ankaranın istəyi ilə böyük ölçüdə razılaşmaq məcburiyyətindədir.
Asif Nərimanlı