General ehtiyata çıxdı: Orduda nə baş verir? – Sadıkovdan miras qalan KORRUPSİYA zəncirinin yeni mərhələsi
Artıq hər kəsə məlumdur ki, Azərbaycan Ordusunun 3-cü Ordu Korpusunun komandiri General-mayor Rzayev Mübariz Balağa oğlu öz istəyi ilə ordu sıralarından ehtiyata çıxıb. Mübariz Rzayev ordu sıralarından ehtiyata çıxmaq üçün 7 dəfə raport yazıb. Bir korpus komandirinin 7 dəfə raport yazması, əslində, SOS siqnalı, orduda ciddi problemlərin olması deməkdir.
Məsələyə bir qədər dərindən baxmaq lazımdır. Müharibədən əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Nəcməddin Sadıkov sabiq nazir Səfər Əbiyevin vaxtında, sözün əsl mənasında, neytrallaşdırılmış, söz haqqı əlindən alınmışdı. Vəzifəsi vardı, ancaq avtoriteti yox. Nəcməddin Sadıkov son dərəcə ambisiyalı biri olduğu üçün mübarizəni başqa cür qurdu. Ordu daxilində konfliktlər yaratdı və intriqaları sevən Səfər Əbiyev bu oyuna gəldi. Nəticədə çoxlu sayda zabiti ya ordu sıralarından xaric etdi, ya da onları müxtəlif yollarla cəzalandırdı. Səfər Əbiyev tutduğu yolun səhv olduğunu yalnız son dönəmlər anlamışdı, onda da gec idi. Səfər Əbiyevdən sonra Zakir Həsənov müdafiə naziri təyin edildi. Zakir Həsənovun gəlişi ilə Nəcməddin Sadıkovun əli-qolu açıldı. Nəcməddin Sadıkov despota çevrildi. Nəcməddin Sadıkovun, belə desək, qılıncının dalı da, qabağı da kəsirdi. Saysız-hesabsız zabitlər ləkələndi, şərləndi, bezdirilib ordu sıralarından çıxdı, ölkədən qaçanlar belə oldu.
Orduda əvvəldən də olan rüşvət və korrupsiya açıq formaya keçdi. Əsgər yeri dəyişdirmək də, Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) və gizir götürmək də pulla idi, zabitlərin rütbələri pulla verilirdi, onların yerdəyişmələri rotasiyaya uyğun yox, məhz pulla həyata keçirilirdi. Xoşları gəlməyən zabitləri isə “vurub” göndərirdilər Naxçıvana “cəza” çəkməyə. Orduda rüşvət o həddə çatmışdı ki, MAXE və gizir olmaq istəyənlər rüşvətə görə aksiya belə keçirmişdilər.
Bu məsələlərin ictimaiyyətə çatdırılmaması üçün mediaya 500 min manat dəyərində pul verildi, trollar ordusu yaradıldı. Nəcməddin Sadıkovla Zakir Həsənovun əleyhinə yazanlar söyüş yağmuruna tuş gəlirdi. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsi trol ordusu yaratmışdı və Ramin Əsgərov da onun komandanı idi.
Ordu Nəcməddin Sadıkovun despot üsulu ilə idarə olunurdu. Müharibə zamanı Nəcməddin Sadıkov vəzifəsindən azad edildi. Bir müddət sonra Kərim Vəliyev yeni BQR vəzifəsinə təyin olundu. Kərim Vəliyevin qarşısında duran bir nömrəli məsələ yuxarıda sadalanan halların aradan qaldırılması idi. Açığı, keçən müddətdə Kərim Vəliyevin söz sahibi olmadığını, dişsiz davrandığını görürük. Onun əvəzində isə orduda, demək olar, əsas məsələləri BQR olmaq arzusu ürəyində qalan, hazırda Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olan Nizam Osmanov həll edir. Yəni hazırda Nizam Osmanov Nəcməddin Sadıkovun vaxtında gördüyü işləri görür ancaq daha ehtiyatlı, adı hallanmadan. Bədii dillə ifadə etsək, pambıqla baş kəsir.
Daha sonra özü var olub, komandanlığı olmayan Quru Qoşunları komandanlığı yaradıldı. Quru Qoşunları komandanı vəzifəsinə isə gözlənilənin əksinə Ənvər Əfəndiyev təyinat aldı.
Bununla paralel Azərbaycan Ordusu hazırlığı müharibən əvvəl görülmüş Türkiyə ordu modelinə keçidlə məşğul olmağa başladı. Deyirlər, keçid dövrləri bir qədər sancılı olur, ancaq hazırda baş verənləri keçid dövrü ilə də əlaqələndirmək olmaz.
Əvvəl rüşvətə öyrəşmiş, milyonlarla manat dövr etdirən generallar, Nazirlikdəki hərbi məmurların əlindən bir çox şeylər çıxdı. Birincisi, türkiyəli mütəxəssislər vahid pəncərə sisteminin vacibliyini ölkə rəhbərliyinə çatdıra bildi və nəticədə “əsgər saldırmaq” deyimi tarix oldu. Ən böyük rüşvət qaynaqlarından biri, demək olar, sıradan çıxmış oldu. Daha sonra MAXE və gizirlərin işə götürülməsi türkiyəli mütəxəssislər tərəfindən aradan qaldırıldı. Bununla daha bir maliyyə qaynağı aradan qalxmış oldu. Əvvəl əli milyonlarla oynayan generallar, nazirlikdəki hərbi məmurlar maaşla işləməyə məcbur oldular. Lüks həyata öyrəşən hərbi məmurlar maaşla işləməyin nə olduğunu anladı. Yeni reallıqlar ordu daxilindəki intriqaları daha da alovlandırdı. Ən böyük maliyyə fırıldaqları yalnız satınalmaların ümidinə qaldı ki, bunun başında da Nizam Osmanov var.
Ordu yeni idarəetmə üsuluna keçdikdən sonra hər zaman despota öyrəşən generallar indi psixoloji olaraq da buna hazır sayılmırlar.
Məsələni bir qədər açım. İcra hakimiyyətləri necə işləyir? İcra başçısı rayonda idarə müdirlərinə “İşləmək istəyirsənsə, bu küçəni təmir et, vəzifədə qal”, – deyirdi. Həmin idarə müdirləri də bilir ki, küçəni təmir edəcək, ancaq ora xərclədiyi pulu başqa bir yolla qazanacaq. Orduda da belə idi. Misal üçün, korpus komandiri gəlib hərbi hissə, tabor komandirinə deyirdi ki, kazarma tik. Hərbi hissə komandiri, tabor komandiri öz pulu ilə kazarmanı tikirdi, daha sonra o pulu əsgər yerdəyişməsi, əsgərdən alınan pullar hesabına geri alırdı. Nə olurdu? Nazirin və korpus komandirinin tapşırığı icra olunurdu. Nazirlikdən pul tələb olunmurdu, ancaq bunun qarşılığında da zabitlərin alacağı rüşvətə göz yumulurdu. Əsgərdən pul almayan zabitlər çəkdiyi xərci istəyəndə dərhal başqa bir istiqamətə təyinat alırdı. İndi nə baş verir? Quru Qoşunları komandanı, korpus komandiri hərbi hissə, tabor komandirinə tapşırıq verir, bir müddət sonra gəlib görür ki, icra olunmayıb. “Niyə icra olunmayıb?” sualına cavab isə belə olur: “Pul yoxdur”. Belə olan halda, əvvəl dövlət büdcəsindən ayrılmış pullar kimlərinsə cibinə gedirdisə, indi ciblərdə o pullar çox az qalır…(yenicag.az)
Səxavət Məmməd