“Azərbaycanın verdiyi peyvənd sertifikatı Avropada tanınmır” – Deputat
“Azərbaycanda verilən peyvənd sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanımır və oxunmur. Bu isə peyvənd sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
O hesab edir ki, 2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirəlayiqdir: “Bununla yanaşı, peyvənd sertifikatının elektronlaşması, eləcə də onun regional qəbulu baxımdan təəssüf ki, problemlər qalmaqdadır.
Azərbaycanda verilən peyvənd sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanımır və oxunmur. Bu isə peyvənd sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənəddə olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər”.
Vüqar Bayramov qeyd edib ki, İtaliyada səfərdə olan zaman sözügedən problemin vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə edib: “Bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Aİ elektron sistemin inteqrasiyasına ehtiyac var.
Qeyd edim ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlərlə yanaşı Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə – Türkiyə, Moldova, Ukrayna elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim peyvənd sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır”.