Rusların Qarabağdan çıxması: Moskva üçün müəmmalı gələcək

 

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərin rus sülhməramlılarının 5 ildən sonra Qarabağda qalma müddətinin uzadılıb-uzadılmayacağı haqda sualına belə cavab verib:

“Hər şeyi həyat və zaman göstərəcək”.

Səfirin bu cavabı erməni ictimai rəyinə ünvanlanıb, həm də Moskvanın yanaşmasını əks etdirir.

Qarabağdakı rus sülhməramlılarının gələcək fəaliyyəti müəmmalı olaraq qalır: 10 noyabr razılaşmasına görə tərəflərdən biri istəmədiyi halda sülhməramlılar çıxmalıdır;

Ruslar çıxmaq istəmir, separatçılara dəstəyin də məqsədi budur və zaman yaxınlaşdıqca Moskva üçün Qarabağda Ermənistanın yox, separatçıların mövcudluğu prioritet olacaq. Lakin Kopırkinin açıqlaması da təsdiq edir ki, Rusiya üçün gələcək müəmmalıdır, çünki Azərbaycanın 5 il sonra sülhməramlıların qalması üçün müraciət etməyəcəyini bilir.

İndi Bakı da, Moskva da Qarabağı sonraya sonraya saxlayır. Moskva kommunikasiyanın açılmasını cari hədəf olaraq görür, Bakı sərhədin müəyyən edilməsi və Zəngəzur dəhlizinin işə düşməsini. Xüsusilə sərhəd məsələsinin həlli Qarabağda da əlimizi gücləndirə bilər.

Lakin həm Moskva, həm Bakının Qarabağla bağlı planları var.

Rusiya 5 ildən sonra da qalmağa çalışacaq və çıxmaq məcburiyyətində qalsa, bundan daha böyük siyasi qazanc üçün istifadə etmək istəyəcək.

Azərbaycan 2025-ci ilə qədər Qarabağla bağlı üç mümkün istiqamətdə işləyə bilər:

Birincisi, oradakı ermənilərin Azərbaycan bayrağı altında yaşamağa razı salmaq: sosial-iqtisadi çətinlik buna imkan yaradır, lakin olduqca çətin məsələdir, xüsusilə həm ermənilərin, həm də rusların “birgəyaşayış” perspektivini baltalamağa çalışması fonunda;

İkincisi, Rusiyaya bölgədə uzunmüddətli qalma fürsətinin yaradılması qarşılığında Qarabağdakı mövcudluğuna son qoymaq: Azərbaycan-Ermənistan sərhədində belə bir fürsət verilə və bununla problemi daxildən sərhədə köçürmək ola bilər;

Üçüncüsü, Türkiyənin hərbi mövcudluğunu artırmaq, ruslara qarşı balansı formalaşdırmaq və 2025-ci ilə qədər separatçı-terrorçu rejimin ləğv edilməsinə, idarəetmənin bərpasına çalışmaq: sərhədin müəyyən edilməsinin aktual olduğu vaxt Türkiyənin Monitorinq Mərkəzində türk hərbçilərini aktivləşdirməsi Bakı-Ankara masasındakı planlardan biri hesab oluna bilər;

Bizi çətin və ağrılı yol gözləyir. Burada həlledici amil Bakının siyasi iradəsidir.

 

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password