Qanunsuz tikilmiş evlər məsələsinin birdəfəlik həlli… – Ekspert
“Qanunsuz tikililər məsələsinin birdəfəlik həlli üçün əmlak amnistiyası verilməlidir”.
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qanunsuz, sənədsiz tikililər məsələsinə birdəfəlik son qoymaq üçün hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:
“Uzun illərdir bu barədə danışılır. Əsasən Bakı və ətrafında müxtəlif sənədlərlə, bəzən də sənədsiz evlər tikilib. 10 minlərlə insan belə evlərdə yaşayır. Onlar həmçinin, kommunal xidmətlər ödəyir, işıq, qaz, su xidmətlərindən istifadə edir. Dövlətə pul ödəyirlər”.
Ekspertin sözlərinə görə, bu məsələdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun addımlar atılmalıdır:
“Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı əmsal qərarı var. Vətəndaş yaşadığı yerdə kommunal xidmətləri ödəyirsə və dövlət göstərdiyi kommunal xidmətlərdən ödəniş alırsa, deməli, insanın faktiki orada yaşamaq hüququnu tanıyır. Vətəndaşın yaşamaq hüququnu tanıdığına görə dövlət həmin evin sənədləşməsini də həyata keçirməlidir. Belə bir əmsal qərar Avropa Şurasının üzvü olaraq Azərbaycana da aiddir. Ona görə Azərbaycan tərəfi qanunsuz tikililərin olmaması üçün bundan istifadə etməlidir”.
N. Cəfərli düşünür ki, problemin həlli üçün əmlak amnistiyası verilməlidir:
“Məsələnin birdəfəlik həllini tapması üçün əmlak amnistiyası olmalıdır. Sözsüz ki, qanunsuz evlərin tikilməsində kimlərinsə qeyri-qanuni əməlləri də olub. Amma artıq fakt olaraq bu evlərdə ailələr yaşayır. Ona görə də həmin əmlaklara amnistiya verilməli, hamısına çıxarış təqdim edilməlidir ki, problem birdəfəlik həllini tapsın. Ondan sonra isə artıq sənədsiz tikintilərə icazə verilməməlidir. Bu problemin həllinin ən doğru və optimal yoludur”./qaynarinfo