“Paşinyan indi “Çin heç-heçəsi” arzusundadır” – Rusiyalı politoloq
Rusiyalı politoloq: “Bakının Moskvanın siyasi nüfuzuna arxalanaraq, güc tətbiq etmədən problemi həll etmək üçün imkanları və vaxtı azdır”
Azərbaycanla Ermənistan arasında vəziyyət hələ də gərgindir. Nikol Paşinyan bütün danışıqlar prosesini ATƏT-in Minsk Qrupu çərçivəsinə keçirməyə çalışır ki, bu da onun məntiqindən başadüşüləndir, çünki bu formatda Qarabağın statusu barədə danışmaqdan başqa heç nə yoxdur. Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli formatı çərçivəsində isə müzakirə üçün çoxlu mövzular var və onların əksəriyyəti İrəvan üçün heç də xoşagələn deyil.
Tanınmış rusiyalı politoloq Oleq Kuznetsov mövcud durumu şərh edib.
– Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi görüşündən sonra vəziyyət nə dərəcədə sabitləşib? Yoxsa bu vəziyyət müvəqqəti bir prosesdir – növbəti kəskinləşməyə qədər?
– Siz özünüz də yaxşı görürsünüz ki, vəziyyət heç bir şəkildə sabitləşmir. Ermənistan-Azərbaycan müharibəsi davam edir və Dağlıq Qarabağ münaqişəsi rəsmi Bakının yüksək rütbəli nümayəndələri nə qədər desələr də, tarixin çevrilmiş səhifəsi olmaq istəmir. Mən özümü aldatmaqdan son dərəcə uzağam və hələ bu ilin iyulunda, yəni demək olar ki, altı ay əvvəl Azərbaycanın təcili olaraq yeni müharibəyə və ya heç olmasa, Azərbaycan-Ermənistan sərhəd xəttində hərbi əməliyyatlara hazırlaşmasının vacibliyini bildirmişdim. O vaxtdan bəri mənim fikrim heç bir dəyişikliyə məruz qalmayıb və son iki həftədə baş verən hadisələr mənim bu fikrimin düzgünlüyünə əminliyimi daha da gücləndirdi. Azərbaycanın Kremlin siyasi nüfuzuna arxalanaraq, güc tətbiq etmədən bu məsələni həll etmək üçün imkanları və vaxtı azdır, lakin mənə elə gəlir ki, Ermənistanın dövlət sərhədi ilə bağlı danışıqlar güc tətbiqi olmadan ölü nöqtədən tərpənməyəck.
– “Miatsum” və “xalqların öz müqəddəratını təyinetmə hüququ”ndan sonra Ermənistanda yeni “qurtuluş naminə ayrılma” termini var. Bu terminin nə dərəcədə hüquqi əsası var və bunu beynəlxalq platformalarda sübut etmək mümkündürmü?
– Mən təklif edirəm ki, bu məsələdə müəyyən differensiallıq tətbiq edək: erməni siyasətçiləri və təbliğatçıları tərəfindən “miatsum” və “qurtuluş naminə ayrılma” anlayışları beynəlxalq platformalarda müzakirələr zamanı praktiki olaraq heç vaxt istifadə olunmayıb, bu anlayışlar hələ də daha çox məqsədyönlüdür – belə deyək, “daxili istehlak”dır və Ermənistanın özündə və ya diasporda, bəzən jurnalist və ya akademik xarakterli xarici dilli ictimai-siyasi müzakirələrdə istifadə olunur. Halbuki rəsmi beynəlxalq strukturlarda erməni siyasətçiləri və diplomatları ümumi qəbul edilmiş terminologiyaya riayət edir və normadan kənar leksikadan çəkinirlər. Beynəlxalq ictimai hüquq əsrlər və hətta minilliklər boyu formalaşır və bu müddət ərzində özünün terminoloji sistemini formalaşdırıb ki, elementləri onun qeyri-müəyyən şərhinə imkan verməyən unikal məna kəsb edərək, beynəlxalq həyatda baş verən hər hansı bir hadisəni və ya fenomeni təsvir etməyə qadirdir.
“Miatsum” və ya “qurtuluş naminə ayrılma” kimi yeni formasiyalar müəyyən edilmiş terminoloji quruluşa uyğun gəlmir və yalnız beynəlxalq hüququn “qulağa xoş gəlməyən” ifadələrin dəyişdirilməsi üçün icad edilir. Məsələn, “miatsum” sözü “aqressiya” anlayışı ilə əvəz edildiyi kimi. Bu, ən azı mənim də sıralarına daxil olduğum hər bir peşəkar hüquqşünas üçün başadüşüləndir və ona görə də erməni təbliğatının bütün leksik yeni törəmələri bu təbliğata inanan insanların problemidir.
– Nikol Paşinyan üçtərəfli formatda – Azərbaycan, Rusiya və Ermənistan arasındakı müzakirələri ATƏT Minsk Qrupuna qaytarmağa çalışır. Bu istəyin əsası nədir?
– Onun addımlarının mənasını başa düşmək asandır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın üç iştirakçı ölkəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və yalnız öz öhdəlikləriniz sayəsində mövcud olan situativ qrup olduğu halda, ATƏT-in Minsk Qrupu əsrin dörddə birində faktiki olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı rejimini təmin edən beynəlxalq strukturdur. 10 noyabr 2020-ci il tarixli Bəyanat kontekstində yaranmış vəziyyət müstəsna olaraq Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi ilə dəstəklənir və Ermənistan rəhbərliyi tərəfindən hər cür bəhanələrlə iqnor edilməyə çalışılır. Buna görə də Paşinyan həqiqətən də qlobal ziddiyyətlər kontekstində, məsələn, ABŞ və Rusiyanın Ukrayna ilə bağlı ziddiyyətləri fonunda, bu Bəyanatın müddəalarını yerinə yetirməkdən birtərəfli qaydada imtina edə biləcəyi zamanın dəyişmə şansına ümid edir.
Paşinyan hesab edir ki, Bəyanatın müddəaları Ermənistanın siyasi və maliyyə quruluşu üçün əlverişsizdir və dediyim cəhdlərlə mövcud vəziyyəti daha dörddəbir əsr dondurmaq üçün ATƏT Minsk Qrupu formatına qayıtmağı arzu edir. Şahmat dili ilə desək, Ermənistan indi zuqzvanq vəziyyətindədir, hər yeni gediş əvvəlki ilə müqayisədə vəziyyəti daha da pisləşdirir, ona görə də Paşinyan indi bütün fiqurların lövhədən atıldığı və oyunun yenidən başladıldığı “Çin heç-heçəsi” arzusundadır. Əslində, bu nümunə ilə onun indiki davranışının məntiqi təsvir edilir./ayna.az