Rusiya Brüssel görüşünü gündəmdən çıxarır – Soçi razılaşmaları pozuldu?…

 

\Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə imzaladıqları bəyanatın mürəkkəbi qurumamış təmas xəttində yenidən gərginlik yaranıb. Ötən həftə Xocavənddə Azərbaycan hərbçilərinin mövqeyinə hücum çəkmiş bir erməni hərbçisi öldürülüb, dünən isə Kəlbəcərdə əsgərimiz Asəf Əliyev şəhid olub.

Soçi görüşündən cəmi bir həftə sonra məlum oldu ki, Rusiya Prezidentinin təklifi ilə qəbul olunan yeni bəyanat da əvvəlki üçtərəfli razılaşmaların aqibətini yaşayacaq. Çünki sənədin icra məqsədi ilə Moskvada keçirilən sərhədlərin dəqiqləşdirilməsi üzrə İşçi Qrupun toplantısı yarımçıq dayandırıldı. Verilən məlumata görə, Ermənistanı bu görüşdə təmsil edənlər Azərbaycanın müzakirəyə təklif etdiyi şərtlərlə razılaşmayıb. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin rəsmi Bakının istədiyi şərtlər daxilində açılmasından gedir.

Bir gün sonra, dekabrın 2-də İsveçin paytaxtı Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçirilməsi gözlənilən Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü baş tutmadı. Azərbaycan XİN bəyanat yayaraq Ermənistanın destruktiv mövqedə dayandığını bəyan etdi və rəsmi Bakının bu üzdən görüşdən imtina etdiyini açıqladı.

Həmin tarixdən keçən həftə ərzində diplomatik müstəvidə hər hansı təmas baş verməyib. Dünən ATƏT-in Minsk Qrupu bəyanat yayaraq mövcud vəziyyətdən narahatlığını ifadə edib. Vasitəçilər bəyanatda onların himayəsi altında Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasına çağırıblar. Sənəddə qeyd olunur ki, 10 noyabr 2020-ci il və 26 noyabr Soçi görüşündə təsdiqlənmiş öhdəliklər yerinə yetirlməlidir.

Minsk Qrupu iki əsas məsələyə diqqəti yönəldir.

İlk növbədə həmsədrlərin himayəsi altında humanitar məsələlərdə – məhbuslar, minalardan təmizləmə, itkin düşmüş şəxslər, köçkünlərin könüllü qayıdışı, tarixi abidələrin qorunması və s. konkret irəliləyiş əldə etmək, eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyi vurğulanır.

İkincisi, demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində son insidentlər qeyd olunur və mübahisələrin həlli üçün güc tətbiqinin qəbuledilməz olduğu vurğulanır, tərəflər beynəlxalq humanitar təşkilatların münaqişədən zərər çəkmiş ərazilərə və əhaliyə çıxışına olan bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırılır.

Bəyanatda əsas vurğulardan biri həmsədrlərin regiona ən qısa zamanda səfər etməsinə tərəflərin razılıq verməsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə tam əməkdaşlığa başlanması ilə bağlıdır.

Həmsədrlərin mövqeyi Soçidə qəbul etdikləri üçtərəfli bəyanatla tam olaraq üst-üstə düşür. Çünki ABŞ və Fransa regionda proseslərin Rusiyanın müəyyənləşdirdiyi çərçivədə davam etməsinə dəstək ifadə ediblər.

Əlbəttə, Paris və Vaşinqtonun başqa şərtlər diqtə etməsi üçün heç bir zəmin yoxdur. Çünki bölgədə hərbi-siyasi vəziyyət Moskvanın nəzarətindədir, sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə bu nəzarət daha da möhkəmlənib, digər həmsədrlər isə oyundankənar vəziyyətə düşüb.

Soçi bəyanatı ilk növbədə Rusiyanın maraqlarını ifadə edir və burada əsas hesablardan biri dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünün əhəmiyyətini azaltmaq, mümkün olsa, onu gündəmdən çıxarmaq idi.

ƏvvəlaAzərbaycan və Ermənistan bu sənədlə Rusiyanın patronajlığı altında qəbul olunmuş 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardakı öhdəliklərinin icrasına bir daha sadiq qaldıqlarını bəyan ediblər.

İkincisi, tərəflər yenə Rusiyanın moderatorluğu ilə sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması prosesini aparmağa razılaşıblar.

Üçüncüsübəyanatda Rusiya sülhməramlılarının bölgədəki vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsindəki töhfəsi qeyd olunur. Bu da Moskvanın təkbaşına sülhyaratma missiyasının davam etməsinə razılıqdır. Yəni Brüssel görüşündə sülhməramlı kontingentin tərkibinin dəyişdirilməsi ilə bağlı təklif müzakirə edilə bilməz.

Beləliklə, Rusiya Soçi bəyanatı ilə hər iki münaqişə tərəfinin əl-qolunu bağlayıb və onların Brüsseldə tamamilə yeni şərtlər altında problemi müzakirə etmək imkanlarını azaldıb. 

Amma görünür, bu tədbirlər də Moskva üçün kifayət deyil. Soçi bəyanatının yerinə yetirilməsi üzrə prosesin başlanmadan dayanması, sərhəddə itkilərlə müşayiət olunan yeni toqquşmalar təbii ki, Bakıda və İrəvanda növbəti dialoq, müzakirə əhval-ruhiyyəsini aşağı salıb. Amma bu gərginlik Kremli narahat etmir.

Hətta Moskvanın vasitəçiliyi ilə 10 diversantın geri qaytarılması müqabilində Azərbaycana verilən mina xəritələrinin yararsız olması barədə Bakıdan verilən açıqlama da cavabsız qalıb. Şübhəsiz ki, bu xəritələr Rusiyanın verdiyi qarantiyalara görə etibarlı hesab edilib. Qarşıdakı günlərdə sərhəddə və təmas xəttində növbəti toqquşmaların baş verməsi də istisna deyil. Ehtimal ki, Brüssel görüşü gündəmdən çıxarsa, yarımçıq qalmış müzakirələr yenidən başlaya bilər.

Təsvir olunan bu mənzərə hazırda Azərbaycanın xeyrinə kimi görünür. Mövcud şəraitdə Azərbaycan nəsə itirmir, əksinə mövqelərini gücləndirmək imkanı əldə edir.  Son dövrlər sərhəddə bir çox strateji mövqelərə nəzarətin bərpa olunması bunu əyani sübut edir. 

Ancaq strateji baxımdan vəziyyətin bizim xeyrimizə olacağını söyləmək çətindir. Çünki Rusiya ziddiyətli 10 noyabr bəyanatı ilə sülhün əldə olunması üçün çoxsaylı labirintlər yaradıb. Bu ziddiyətlər Möskvaya bölgədə münaqişə vəziyyətini saxlamağa imkan verir. Kommunikasiya, sərhədlərin dəqiqləşdirilməsi mübahisələri, bu zaman meydana gələn hərbi toqquşmalar, qarşılıqlı ittihamlar Moskvaya sərf edir.

Kreml münaqişə tərəflərininin başını köhnə və yeni problemlərlə qatmaqla Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində öz mövqelərini möhkəmləndirir.

Zəngəzur dəhlizi, delimitasiya, demarkasiya problemlərini qabartmaqla rəsmi Bakının diqqətini əsas məsələlərdən – Qarabağda Azərbaycanın suverenliyini bərpa etmək, Laçın dəhlizində dövlət sərhədini bağlamaq, erməni hərbi birləşmələrini tərksilah edib ərazidən çıxarmaq kimi məsələlərindən yayındırır. Bir növ gündəm süni şəkildə yaradılmış problemlərlə doldurulur…

Əlbəttə, Zəngəzur dəhlizi, delimitasiya, demarkasiya problemləri də ümumi prosesin vacib tərkib hissələridir, amma prioritetlər sırasında birinci deyil. Bakı Zəngəzur dəhlizinin açılmasından, Laçın və Kəlbəcərdə sərhədlərin dəqiqləşdirilməsindən əvvəl Laçın dəhlizində nəzarət edə bilmədiyi dövlət sərhədini bağlamaq haqqında düşünməlidir.

Eyni zamanda “qalib ölkənin ərazisində məğlub ölkənin ordusu ola bilməz” prinsipindən çıxış edib işğalçı ordunun qalıqlarının Qarabağdan çıxarılması tədbirlərinə start verməlidir. Xankəndində Azərbaycan dövlət əleyhinə ağır cinayətlər törətmiş erməni separatçılarının cəzalandırılması da təxirəsalınmaz vəzifələrdən biridir. Eləcə də Rusiya sülhəramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə Moskvanın yol verdiyi qanunsuz hərəkətlər sorğulanmalıdır…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password