Putinin səyləri nəticə vermədi – Bölgədə gərginlik yenidən artır
“Rusiya həm Çinlə, həm də Hindistanla tərəfdaşlıq münasibətlərini genişləndirmək istəyir. Rusiya Prezidenti Vladimir Putinin bir neçə gün əvvəl Hindistana işgüzar səfəri də bu siyasətin tərkib hissəsi idi. Putinin səfərindən bir neçə gün əvvəl isə 3 ölkənin xarici işlər nazirləri Moskvada görüşmüşdülər. Rusiya-Hindistan-Çin formatı adlandırılan görüşdə Pekinlə Dehli arasındakı ixtilaf yaradan mövzular müzakirə olunub”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Çin-Hindistan sərhədindəki gərginlik Rusiyanı narahat edir:
“Moskva iki tərəfdaşı arasında münasibətlərin gərginləşməsini istəmir. Kreml məhz bu gərginliyi azaltmaq üçün üçlü format çərçivəsində müzakirələr təşkil edir. Rusiya Xarici işlər naziri Sergey Lavrov hindistanlı və çinli həmkarını problemlərin müzakirələr yolu ilə həllinə həvəsləndirmək istəyib. Kreml bu yolla bölgədə çoxqütblü əməkdaşlıq formatı yaratmağa çalışır. Çin məsələnin bu cür qoyuluşu ilə razıdır. Pekin də Moskva kimi Qərbin bölgədə fəallığından narahatdır. Ancaq eyni sözləri Hindistan haqqında söyləmək mümkün deyil. Hindistan Çinin artan hərbi gücü və sərhəddə yaratdığı gərginlik fonunda ABŞ, Avstraliya, Böyük Britaniya və Yaponiya ilə əlaqələri dərinləşdirir. Bu dövlətlərin hər biri Hindistan kimi Çinin artan hərbi gücündən narahatdır.
Buna baxmayaraq, Hindistan Rusiya ilə də əməkdaşlıqdan imtina etmir. Vaxtilə SSRİ-nin də Hindistanla tərəfdaşlıq münasibətləri mövcud idi. Kreml və Dehli bu ənənəyə sadiq qalaraq tərəfdaşlıq münasibətlərini davam etdirirlər. Dehli Kremlin Çinlə özünün arasında moderatorluğunun əleyhinə deyil. Ancaq Dehli bu moderatorluğun nəticə verməsini istəyir. Hindistan Çin və Rusiyanın da yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının da üzvüdür. Ancaq bütün bu amillər Çinlə Hindistan arasındakı ixtilafların həllinə yardım etmir. Əksinə iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik nöqtələr yaranır. Hindistanlı generallar Çini ölkələri üçün ən böyük təhdid hesab edirlər”.
Elxan Şahinoğlu qeyd edib ki, Çin parlamentində qəbul olunan yeni qanun Hindistanla münasibətlərdə əlavə gərginlik yaradıb:
“Bu qanuna görə Çinin quru sərhədləri toxunulmazdır. Başqa sözlə, Çin bu qanunla Hindistanla dağlıq hissələrdəki ərazilərə iddiasını ortaya qoyub. Bu fonda barışıq qeyri-mümkündür. İki ölkə arasında əsəb oyunu bununla kifayətlənmir. Çinin yeni raketlər istehsal etməsi fonunda Hindistan yeni ballistik raketləri sınaqdan keçirib. Həmin raketlərin uçuş məsafəsi 5 min kilometrdir.
Rusiya üçün çətin olacaq. Kremli Pekinlə Dehlini barışdırmaq istəsə də, Çinlə Hindistan arasında gərginlik yaradan heç bir problemi həll etməyib. Əksinə hindistanlı ekspertlərin sözlərinə görə, bu gün Çin-Hindistan münasibətləri 1962-ci ildə qeydə alınan sərhəd müharibəsi dövründən daha gərgindir. İki dövlət arasında başqa mövzularda da fikir ayrılığı var. Məsələn, Pekin Əfqanıstanda Talibanın hakimiyyətə yenidən gəlişini dəstəkləyib. Hindistan isə Talibanı əvvəlkitək bölgə üçün təhlükə kimi dəyərləndirir. Dehli Talibana müxalif olan qüvvələrlə təmas içindədir. Ona görə də indiki şərtlər altında Moskvanın Pekinlə Dehli arasındakı moderatorluğunun uğur qazanacağını söyləmək mümkün deyil”.