Bakı Slavyan Universitetində ( BSU) onlayn formada Vətən müharibəsində qazanılmış Böyük Zəfərə və bu ali təhsil müəssisəsinin 75 illik yubileyinə həsr olunan “Türk dünyası: geosiyasət və mədəni reallıqlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Əsas istiqamətləri filoloji elmlər, ictimai elmlər, xarici dillərin tədrisi metodikası, psixologiya və pedaqoji elmlər olan beynəlxalq elmi-praktik konfransın işçi dilləri Azərbaycan, rus, ingilis və türk dilləridir.
Konfransda bir çox türkdilli ölkələrin universitetlərinin, elmi müəssisə və təşkilatlarının, ölkəmizin ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri və gənc tədqiqatçılar iştirak ediblər. Qeyd edək ki, fikir və təcrübə mübadiləsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi baxımından konfrans mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyinin müvafiq məktubuna uyğun olaraq BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin konfransın təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən, universitetdə tərkibinə prorektorların, fakültə dekanlarının, kafedra müdirlərinin, professor-müəllim heyəti nümayəndələrinin daxil olduqları 18 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
“Microsoft Teams” platforması üzərindən keçirilən beynəlxalq elmi-praktik konfransın plenar iclasını giriş sözü ilə açan konfrasın moderatoru, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov iştirakçılara uğurlar arzulayıb. Professor Rafiq Novruzov bildirib ki, Azərbaycan xalqının, dövlətinin və rəşadətli Silahlı Qüvvələrinin Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı Böyük Zəfər yalnız Cənubi Qafqaz regionunda deyil, dünyada yeni reallıqlar yaratdı. Təqdirəlayiq haldır ki, Vətən müharibəsindən sonra Türk dünyası həmrəylik, birləşmək istiqamətində yeni addımlar atır. Bu gün BSU-da keçirilən beynəlxalq elmi-praktik konfrans da bunun bariz nümunəsidir. Konfrans iştirakçılarının təmsil etdikləri türkdilli ölkələrin coğrafiyası genişdir və bu, bizi çox sevindirir.
Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova çıxış edərək müasir dövrdə türkdilli ölkələrin birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, BSU-da bu istiqamətdə respublika və beynəlxalq miqyaslı elmi konfransların, simpoziumların, digər elmi tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıblar.
Türkiyənin Holistense Akademiyasının prezidenti, professor Mehmet Şahin, Başkent Universitetinin professoru Suer Eker, Qırğızıstan Beynəlxalq Medikal Universitetinin prorektoru, professor Kadirali Konkobayev, Mirzə Ulukbek adına Özbəkistan Milli Universitetinin professoru Mahabbat Kurbanova, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Jarkınbekova, Türkiyənin Hacettepe Universitetinin professoru Haluk Akalın, Hacı Bayram Vəli Universitetinin professorları Fatih Kirişçioğlu və Ekrem Arıkoğlu, Moldovanın Qaqauziya Komrat Dövlət Universitetinin professoru Güllü Karanfil, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin dosenti Biserka Beleva BSU-da Türk dünyası üçün mühüm mənəvi-siyasi məna daşıyan və çağdaş dövrümüz üçün aktual əhəmiyyət kəsb edən mövzuda beynəlxalq elmi-praktik konfransın keçirilməsini və bütövlükdə universitetin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsini yüksək qiymətləndirərək universitetin rəhbərliyinə təşəkkür ediblər.
Sonra konfrans öz işini Filologiya elmləri, İctimai elmlər, Xarici dillərin tədrisi metodikası, Psixologiya və pedaqoji elmlər bölmələrində davam etdirib. Ümumilikdə bölmə iclaslarında 65-ə yaxın məruzə dinlənilib. Bölmə iclaslarında məruzələrin müzakirəsi aparılıb, fikir və təkliflər irəli sürülüb.
Beynəlxalq elmi-praktik konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, qərar və tövsiyələr qəbul edilib, gələcək əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb. Konfransın nəticələri əsasında məqalələrin İSBN indeksli topluda çap edilməsi və iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulur.